| ← Job (32/42) → |
| 1. | Beləliklə, bu üç kişi artıq Əyyuba cavab verməyi dayandırdı, çünki Əyyub öz gözündə saleh idi. |
| 2. | Amma Əyyub özünü Allahdan da saleh saydığı üçün Ram nəslindən Buzlu Barakelin oğlu Elihu ona qarşı qəzəbdən alovlandı. |
| 3. | Elihu Əyyubun üç dostuna görə də hirsindən alışıb-yandı, çünki düzgün cavab tapmayıb Əyyubu günahkar çıxartdılar. |
| 4. | Elihu Əyyubla danışmaq üçün növbəsini gözləyirdi, çünki əvvəlkilər yaşca ondan böyük idi. |
| 5. | Bu üç nəfərin daha sözü qalmadığını görəndə o, hirsindən alışıb-yandı. |
| 6. | Buzlu Barakelin oğlu Elihu belə dedi: «Mən yaşca kiçiyəm, sizsə yaşlısınız. Ona görə çəkindim, Bildiyimi sizə söyləməyə qorxdum. |
| 7. | Dedim “qoy danışsın çox uzun ömür sürənlər, Qoy hikmət öyrətsin çox illərin şahidləri”. |
| 8. | Həqiqətən, insanda olan ruh, Külli-İxtiyarın nəfəsi insana ağıl verir. |
| 9. | Hikmət yaşda olmaz, Ədaləti dərk etmək yaşa baxmaz. |
| 10. | Ona görə deyirəm ki, məni dinləyin, Qoy mən də bildiyimi söyləyim. |
| 11. | Siz danışarkən mən gözlədim, Siz sözləri araşdırarkən fikirlərinizi dinlədim. |
| 12. | Bütün diqqətimi sizə tərəf çevirdim, Amma heç biriniz Əyyuba haqsızlığını sübut etmədiniz, Onun dediklərinə cavab vermədiniz. |
| 13. | Əsla deməyin ki, hikmət tapmışıq, Haqsızlığını insan yox, Allah ona sübut etsin. |
| 14. | Amma Əyyubun sözlərinin hədəfi mən deyiləm, Sizin sözlərinizlə ona cavab verməyəcəyəm. |
| 15. | Onlar məəttəl qaldılar. Artıq cavab tapmadılar. Deməyə sözləri qalmadı. |
| 16. | Onlar danışmırlar, dayanıblar, Cavab vermirlər deyə Mən gözləməliyəmmi? |
| 17. | Amma deməyə sözüm var, Mən də bildiyimi söyləyim. |
| 18. | Çünki sinəm sözlə doludur, Köksümdəki ruh məni sıxır, |
| 19. | Az qalır açılmamış şərab kimi, Təzə tuluqlar kimi bağrım çatlasın. |
| 20. | Qoy danışım, rahatca nəfəs alaram, Dil açıb cavab verim. |
| 21. | Heç kimin tərəfini saxlamayacağam, Heç kimə yaltaqlıq etməyəcəyəm. |
| 22. | Çünki yaltaqlıq nədir bilmərəm, Yoxsa Yaradanım məni yox edər. |
| ← Job (32/42) → |