← Job (31/42) → |
1. | Gözlərim üçün əhd etmişəm, Gözüm bir qıza baxarmı? |
2. | İnsan yuxarıdan – Allahdan nə pay alır? İnsana ucalardan – Külli-İxtiyardan nə irs qalır? |
3. | Məgər haqsızların başına fəlakət gəlmir? Məgər fitnəkarların başına bəla gəlmir? |
4. | Məgər O, yollarıma baxmır? Məgər O hər addımımı saymır? |
5. | Əgər yalançı olaraq gəzmişəmsə, Ayağım fırıldaq üçün qaçıbsa, |
6. | Qoy Allah məni haqq tərəzisində çəksin, Kamil olduğumu görsün. |
7. | Yolumda əyri addım atmışamsa, Gözlərimin ardınca qəlbimi sürükləmişəmsə, Əllərimi ləkələmişəmsə, |
8. | Əkdiyimi yadlar yesin, Qoy əkinim kökündən çıxarılsın. |
9. | Əgər qəlbim başqa bir qadına meyl edibsə, Qonşumun qapısını pusmuşamsa, |
10. | Qoy arvadım başqasının taxılını üyütsün, Qoy onunla başqa kişilər yatsın. |
11. | Axı bu bir xəcalət olardı, Məhkəməyə veriləsi bir günah sayılardı. |
12. | Çünki bu Həlak yerinədək yandırıb-yaxan bir alovdur. Bu bütün barımı kökündən çıxarardı. |
13. | Əgər mənimlə çəkişəndə Nökərlərimin və kənizlərimin Haqqını yemişəmsə, |
14. | Allah ayağa qalxanda Mən nə edə bilərəm? Məni yoxlayanda nə cavab verərəm? |
15. | Anamın bətnində məni yaradan Onu yaratmayıbmı? Bətndən bizə quruluş verən O olmayıbmı? |
16. | Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa, Dul qadının ümidini qırmışamsa, |
17. | Bir tikəmi özüm yeyib Yetimə verməmişəmsə, |
18. | Gəncliyimdən bəri yetimlərə atalıq etməmişəmsə, Doğulandan bəri dul qadına yol göstərməmişəmsə, |
19. | Paltarı olmadığı üçün canı ağrıyan, Ya örtüyə möhtac qalan yoxsulları görəndə |
20. | Qoyunlarımın yunu ilə onları isitməmişəmsə, Onlar da mənə ürəkdən alqış etməyiblərsə, |
21. | Məhkəmədə sözü keçən olduğum üçün Yetimə əl qaldırmışamsa, |
22. | Qollarım qırılıb çiyinlərimdən düşsün, Qoy qolum lüləsindən sınsın. |
23. | Çünki Allahın bəlasından qorxuram, Əzəməti qarşısında dayana bilmərəm. |
24. | Əgər qızıla ümid bağlamışamsa, Saf qızıla “ümidim sənsən” demişəmsə, |
25. | Əgər bol sərvətimə görə, Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə, |
26. | Əgər parlayan günəşə, İşıq saçaraq dövran edən aya baxıb, |
27. | Könlümün meylini gizlicə azdırıb, Sitayiş etmək üçün əlimlə onlara Öpüş yollamışamsa, |
28. | Bu da məni ittiham edən günah sayılardı, Çünki ucalarda olan Allahı danmış olardım. |
29. | Əgər düşmənlərimin bədbəxtliyinə sevinmişəmsə, Başına bəla gəldi deyə fərəhlənmişəmsə, |
30. | Kiminsə canına qarğış yağdıraraq Dilimə günah işlətməyə yol vermişəmsə, |
31. | Evimdəki insanlar “Əyyubun verdiyi ətlə Qarnını doyurmayan varmı?” deyə soruşmayıblarsa, |
32. | – Heç bir yadelli gecəni küçədə keçirməzdi, Qapım həmişə yoldan keçənlərin üzünə açıq idi – |
33. | Əgər təqsirimi gizlətmişəmsə, Adəm kimi üsyankarlığımı ört-basdır etmişəmsə, |
34. | Camaatdan qorxduğum üçün, El qınağından dəhşətə gəldiyim üçün Dinməzcə bayıra çıxmamışamsa… |
35. | Kaş məni bir eşidən olaydı! Bu sözümü təsdiq edirəm, Qoy Külli-İxtiyar mənə bir cavab versin! Əleyhdarım bunu tumara yazıb əlimə versin. |
36. | Şübhəsiz, bu tumarı çiynimdə gəzdirərdim, Başıma tac edərdim. |
37. | Onda atdığım hər addımı Allaha bildirərdim, Mən bir şahzadə kimi Onun yanına gedərdim. |
38. | Torpağım da məndən fəryad edirsə, Kotanın açdığı yarıqlar əlimdən bir ağızdan ağlayırsa, |
39. | Pulunu vermədən məhsulu yemişəmsə, Buranın sakinlərinin ürəyini qırmışamsa, |
40. | Qoy sahəmdə buğda yerinə tikan, Arpa yerinə alaq bitsin». Əyyubun söhbəti sona yetdi. |
← Job (31/42) → |