← Job (30/42) → |
1. | Amma indi yaşca məndən kiçiklər Mənə lağ edirlər. Vaxtı ilə atalarını heç bir işə layiq görməzdim, Sürümün itlərinin yanına belə, qoymazdım. |
2. | Çünki taqətdən düşmüşdülər, Biləklərinin gücü getmişdi, Heç biri işimə yaramırdı. |
3. | Onlar yoxsulluqdan, aclıqdan zəifləmişdi, Gecələr çöl-biyabanda bitki kökü gəmirirdi. |
4. | Kollardan duzlu bitkilər toplayırdılar, Süpürgə kollarının köklərini yeyirdilər. |
5. | Xalq arasından qovulurdular, Üstlərinə elə çığırırdılar ki, Elə bil ki oğrudurlar. |
6. | Vadi yataqlarında, yerin dəliklərində, Qaya ovuqlarında yaşayırdılar. |
7. | Kollar arasında bağırırdılar, Qara tikan kolu altında daldalanırdılar. |
8. | Axmaqların, adsız-sansız insanların övladlarıdır, Ölkədən qovulmuşdular. |
9. | İndisə dillərində dastan olmuşam, Ağızlarında məsəl olmuşam. |
10. | İkrah edərək məndən gen dayanırlar, Hətta üzümə tüpürməkdən çəkinmirlər. |
11. | Çünki Allah kamanımın ipini boşaltdı, Məni zəlil elədi. Ona görə onlar gözümün qabağındaca Cilovlarını çıxarıb atdılar. |
12. | Bu avara gənclər sağ tərəfimdən çıxır, Ayaqlarımı büdrədir, Mənə qarşı torpaq qalağı düzəldir. |
13. | Yolumu bərbad etdilər, Onlara dəstək verən olmasa da, Məni yox etməyə çalışırlar. |
14. | Sanki geniş dəliklərdən keçib Viranəlikdən üstümə yuvarlanırlar. |
15. | Dəhşətlər üstümə doldu, Şərəfimi yel tək sovurdu, Xoşbəxtliyim bulud kimi keçib getdi. |
16. | İndi canım taqətdən düşdü, Dar günlər məndən bərk yapışdı. |
17. | Gecələr sümüklərim sızıldayır, Canımı gəmirən ağrılar dayanmır. |
18. | Allah paltarı zorla əynimdən çıxarır, Məndən cübbəmin yaxası kimi yapışır. |
19. | Məni lilə batırır, Toza, külə dönmüşəm. |
20. | Sənə yalvarıram, cavab vermirsən, Ayağa qalxmağıma göz qoyursan. |
21. | Mənə qarşı rəhmsizsən, Güclü əllərinlə məni əzirsən. |
22. | Məni qaldırıb yel üstünə mindirirsən, Fırtına içinə salıb məni darmadağın edirsən. |
23. | Bilirəm, məni ölümə, Bütün ömür sürənlər üçün təyin olunan son mənzilə aparacaqsan. |
24. | Yıxılana əl qaldırmaq olmaz, Bəlaya düşənin harayına çatan yoxdur. |
25. | Məgər dara düşənlər üçün ağlamırdımmı? Yoxsulların halına yanmırdımmı? |
26. | Mən yaxşılıq gözlədim, yamanlıq gəldi, Mən işıq umarkən qaranlıq gəldi. |
27. | Ürəyim çırpınır, rahatlığı yoxdur, Ağır günlər qarşımı kəsdi. |
28. | Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm, Camaat arasında durub fəryad edirəm. |
29. | Çaqqallara qardaş oldum, Bayquşlara yoldaş oldum. |
30. | Qaralan dərim soyulur, Qızdırmadan sümüklərim yanır. |
31. | Liram yas tutub nalə çəkir, Tütəyim zar-zar inləyir. |
← Job (30/42) → |