| ← Job (3/42) → |
| 1. | Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi. |
| 2. | Dilə gəlib belə dedi: |
| 3. | «Kaş ki mən doğulan gün yox olaydı, “Oğlun oldu!” deyilən gecə yox olaydı. |
| 4. | O gün qara gələydi, Allah göydən o günün qayğısına qalmayaydı, O gün üçün sabah açılmayaydı. |
| 5. | O günü zülmət, qatı qaranlıq bürüyəydi, Üzünü bulud tutaydı, Nurunu qaranlıq batıraydı. |
| 6. | O gecəni zil qaranlıq udub yeyəydi, İlin günləri arasında fərəh tapmayaydı, Ayın günləri sırasına girməyəydi. |
| 7. | Kaş o gecə qısır olaydı, Sevincsiz, səssiz qalaydı! |
| 8. | Günlərə lənət oxuyanlar, Livyatanı oyatmağa mahir olanlar Qoy o günə lənət yağdırsın. |
| 9. | Dan ulduzları sönəydi, İşığa olan ümidləri boşa çıxaydı, Sübhün nuru görünməyəydi. |
| 10. | Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı, Gözlərimi əzabsız saxlamadı. |
| 11. | Niyə doğulanda mən ölmədim, Bətndən çıxarkən nəfəsim kəsilmədi? |
| 12. | Niyə məni dizlərin arasından aldılar, Əmizdirmək üçün ağzıma döş saldılar? |
| 13. | Belə olmasaydı, indi rahat uzanardım, Yatıb dincələrdim |
| 14. | Özləri üçün viranə şəhərləri tikən Dünya padşahları və müşavirlərlə, |
| 15. | Evlərini gümüşə qərq edən Qızıl xəzinəsi olan rəhbərlərlə. |
| 16. | Niyə bətndən yarımçıq uşaq tək düşmədim? Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım? |
| 17. | Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır, |
| 18. | Məhbuslar dinc yaşayır, Nəzarətçinin səsi çıxmır. |
| 19. | Orada kiçik də, böyük də vardır, Qul ağasından da azaddır. |
| 20. | Niyə əzab çəkənlər işıq üzü görür, Əziyyət içində olanlar həyata gəlir? |
| 21. | Ölüm arzulayırlar amma tapmırlar, Dəfinə axtarmaqdan da çox onu axtarırlar, |
| 22. | Onlar məzar tapanda fərəhlənər, Şadlanaraq sevinər. |
| 23. | Hara getdiyi bilinməyən insana, Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir? |
| 24. | Çörəkdən əvvəl ah-zar gəlir, Nalələrim sular kimi tökülür. |
| 25. | Çəkindiyim şeylər üzərimə tökülür, Qorxduğum şeylər başıma gəlir. |
| 26. | Rahatlığım, sakitliyim, dincliyim yoxdur, Ancaq sıxıntım vardır». |
| ← Job (3/42) → |