← Job (28/42) → |
1. | Gümüşün mədəni, Qızılın təmizlənmə yeri var. |
2. | Dəmir torpaqdan çıxarılır, Mis daşlardan əridilərək alınır. |
3. | İnsan qaranlığa son qoyur, Sonacan qatı qaranlıqda, zülmətdə filiz axtarır. |
4. | İnsan məskənlərindən uzaq bir çuxur açır, İnsan ayağı dəyməyən yerlərdə, İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır. |
5. | Torpaqdan çörək çıxır, Torpağın altı isə fırlanır, elə bil odlar yanır. |
6. | Qayalarından göy yaqut çıxır, Orada qızıl tozu da var. |
7. | Oranın yolunu yırtıcı quşlar bilmir, Şahinin gözü oranı görməyib. |
8. | Ora məğrur heyvanların ayağı dəyməyib, Yırtıcı aslanlar oradan keçməyib. |
9. | Mədənçi əlini çaxmaq daşına uzadır, Dağları dibindən oynadır. |
10. | Qayalardan yeraltı keçidlər açır, Gözləri müxtəlif qiymətli şeylərə baxır. |
11. | Çayların mənbələrini bağlayır, Gizlini aşkara çıxarır. |
12. | Amma hikməti haradan tapmaq olar? Müdrikliyin yeri hanı? |
13. | İnsan onun qiymətini bilməz, Dirilər arasında ona rast gəlməz. |
14. | Dərinliklər deyər: “Məndə yoxdur”, Dəniz deyər: “Yanımda yoxdur”. |
15. | Saf qızıl onu əvəz edə bilməz, Qiyməti gümüşlə ölçülməz. |
16. | Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz, Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz. |
17. | Nə qızıl, nə də gözəl cam ona tay deyil, Hikmət saf qızıl qablarla əvəz edilmir. |
18. | Yanında mərcanın, büllurun adı çəkilməz, Hikmətin qiyməti yaqutdan artıqdır. |
19. | Kuş topazı onun tayı deyil, Onun dəyəri saf qızılla ölçülməz. |
20. | Bəs hikmət haradan gəlir? Müdrikliyin yeri hanı? |
21. | O bütün canlıların gözündən uzaqdır, Göydə uçan quşlardan belə, gizli qalır. |
22. | Həlak yeri ilə ölüm belə deyir: “Qulaqlarımız yalnız sorağını eşidir”. |
23. | Onun yolunu Allah dərk edir, Yerini yalnız O bilir. |
24. | Çünki yer üzünün ucqarlarına qədər baxır, Göylərin altındakı hər şeyi görür. |
25. | Küləyin gücünü təyin edəndə, Suları ölçəndə, |
26. | Yağışa qanun qoyanda, Şimşəyə yol açanda |
27. | Hikmətə baxıb qiymət qoydu, Onu bərqərar edib araşdırdı. |
28. | İnsana dedi: “Rəbb qorxusu hikmətdir, Pislikdən çəkinmək müdriklikdir”». |
← Job (28/42) → |