| ← Job (27/42) → |
| 1. | Əyyub misal çəkərək dedi: |
| 2. | «Haqqımı əlimdən alan var olan Allaha and olsun, Canımı dərdə salan Külli-İxtiyara and olsun, |
| 3. | Nə qədər canımda can, Burnumda Allahın nəfəsi varsa, |
| 4. | Ağzımdan pis söz çıxmayacaq, Dilim yalan danışmayacaq! |
| 5. | Sizin sözlərinizi əsla təsdiq etməyəcəyəm, Son nəfəsimə qədər kamilliyimdən əl çəkməyəcəyəm. |
| 6. | Salehliyimdən bərk yapışmışam, Onu buraxmaram, Elə gün keçirməmişəm ki, ürəyim tərəfindən ittiham olunum. |
| 7. | Qoy düşmən pis adamların gününə düşsün, Haqsız adamlara nə edilirsə, əleyhdarlarıma da elə edilsin. |
| 8. | Allahsız insanı Allah kəsib atanda, Canını alanda ümidi olarmı? |
| 9. | Dara düşəndə fəryadını Allah eşidəcəkmi? |
| 10. | O, Külli-İxtiyardan zövq alırmı? O hər zaman Allaha yalvarırmı? |
| 11. | Allahın qolu haqqında sizə bilik verəcəyəm, Külli-İxtiyarın niyyətini sizdən gizlətməyəcəyəm. |
| 12. | Əslində hamınız bunu görmüsünüz, Bəs niyə boş sözlər söyləyirsiniz? |
| 13. | Pis adam Allahdan belə pay alar, Külli-İxtiyardan zorakı adamlara bu nəsib olar: |
| 14. | Nə olsun, övladları çoxalır, Hamısı qılıncdan keçiriləcək, Nəslində doyunca çörək tapan olmayacaq. |
| 15. | Nəslindən sağ qalanlar xəstəlikdən ölərək dəfn ediləcək, Dul arvadları ağlaya bilməyəcək. |
| 16. | Pis insan qum qədər gümüş yığsa da, Torpaq zərrələri qədər paltar yığsa da, |
| 17. | Onun yığdığını saleh geyəcək, Gümüşünü günahsızlar böləcək. |
| 18. | Güvə çanağı kimi, Qarovulçu çardağı kimi ev tikir, |
| 19. | Varlı olaraq yatır, amma sona qədər belə qalmaz, Gözlərini açanda hamısı yox olub gedəcək. |
| 20. | Dəhşət onu sel tək basacaq, Tufan gecə onu qapıb aparacaq. |
| 21. | Şərq küləyi onu qaldırıb sovuracaq, Onu öz yerindən süpürüb aparacaq. |
| 22. | Ona qarşı amansız küləklər əsəcək, O isə yelin əlindən qaçmağa cəhd edəcək. |
| 23. | Külək onu ələ salaraq əl çalacaq, Öz yerindən onun üçün vıyıldayacaq. |
| ← Job (27/42) → |