← Job (26/42) → |
1. | Əyyub belə cavab verdi: |
2. | «Biçarəyə necə də kömək etdin! Taqətdən düşən qolu necə xilas etdin! |
3. | Hikmətsiz adama necə məsləhət verdin! Ona bol-bol müdriklik öyrətdin! |
4. | Axı bu sözləri kimə söyləyirsən? Sənin ağzınla kimin ruhu danışır? |
5. | Ölülər titrəyir, Su altında məskən salanlar lərzəyə gəlir. |
6. | Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur. |
7. | Şimalı boş fəzanın üstünə yayır, Dünyanı heçliyin üstündən asır. |
8. | Buludların içinə sularını büküb yığır, Onların ağırlığından buludlar yırtılmır. |
9. | Bədirlənmiş ayın üzünü örtür, Buludları üstünə çəkir. |
10. | Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür. |
11. | O qəzəblənəndə göyün dirəkləri sarsılır, Çaşıb qalır. |
12. | Dənizi gücü ilə çalxalayır, Müdrikliyi ilə Rahavı vurur. |
13. | Göyləri nəfəsi ilə açır, Qaçan ilanı əli ilə parçalayır. |
14. | Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?» |
← Job (26/42) → |