← Job (24/42) → |
1. | Niyə Külli-İxtiyar hökm üçün zaman təyin etmir? Niyə Onu tanıyanlar hökm günlərini görmür? |
2. | İnsanlar sərhəd daşlarını qaldırır, Sürüləri oğurlayıb otarır. |
3. | Yetimlərin eşşəyini əlindən alır, Dul qadının öküzünü girov götürür. |
4. | Yoxsulları yoldan çıxarır, Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur. |
5. | Baxın kasıblar vəhşi eşşəklər kimi Yemək tapmaq üçün ertədən işə çıxır, Övladları üçün çöldə çörək axtarır. |
6. | Zəmilərdən yem yığırlar, Pislərin üzüm bağından üzüm qalıqlarını toplayırlar. |
7. | Gecə paltarsız, çılpaq qalırlar, Soyuqda üstlərini örtməyə bir şey tapmırlar. |
8. | Dağlara yağan yağışdan islanırlar, Daldalanacaqları olmadığı üçün qayalara qısılırlar, |
9. | Yetim uşağı döşdən ayırırlar, Fəqirin körpəsini girov alırlar. |
10. | Bu yazıqlar paltarsız, çılpaq dolanır, Qarınları acdır, amma taxıl dərzləri daşıyır. |
11. | Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar, Şərab üçün üzüm sıxırlar, Amma özləri susuzluqdan yanırlar. |
12. | Şəhərlərdən insan nalələri ucalır, Canı yaralı olanlar fəryad qoparır, Amma Allah dualarını nəzərə almır. |
13. | Elə insanlar var ki, işığa üsyan edir, Nurlu yolu tanımır, Onun dalınca getmir. |
14. | Qatil gün batanda qalxır, Fəqiri, yoxsulu öldürür, Gecə oğrusuna bənzəyir. |
15. | Zinakarın gözü alaqaranlıqdadır, “Kimsə məni görməz” deyə düşünür, Üz-gözünü gizlədir. |
16. | Oğrular evləri qaranlıqda yarır, Gündüz gizlənir, işıq nədir, bilmir. |
17. | Çünki onların sabahı qatı qaranlıqdır, Zülmətin dəhşəti onların aşnasıdır. |
18. | Amma onlar su üzərində köpüyə bənzər, Torpaqdan lənət payı alar, Üzüm bağlarına qayıtmazlar. |
19. | Necə ki quraqlıq və istilik qarı əridib udar, Ölülər diyarı da günahkarları elə götürüb aparar. |
20. | Onları ana bətni unudar, Qurdlar üçün ləziz yem olar, Bir də onları heç kim yada salmaz, Haqsızlıq bir ağac kimi sınar. |
21. | Çünki sonsuz qadınlara yamanlıq edərlər, Dul qadınlara yaxşılıq etməzlər. |
22. | Allah isə qüdrəti ilə bu güclüləri dartıb yerə vurar, Onlar qalxsa belə, həyatlarından əmin olmazlar. |
23. | Allah onlara izin verir ki, əmin-amanlıqda yaşasınlar, Amma onlar gedən yollara göz qoyur. |
24. | Qısa müddətə ucalır, sonra da yox olurlar. Yıxılırlar, lap əvvəlkilər kimi götürülüb aparılırlar, Sünbül kimi dərilib yığılırlar. |
25. | Əgər belə deyilsə, Yalançı olduğumu kim sübut edə bilər? Sözlərimin dəyərsiz olduğunu kim deyə bilər?» |
← Job (24/42) → |