| ← Job (21/42) → |
| 1. | Əyyub belə cavab verdi: |
| 2. | «Sözlərimi diqqətlə dinləyin, Siz bununla mənə təsəlli verin. |
| 3. | Qoyun mən də bir şey deyim, Mən danışandan sonra lağ edin. |
| 4. | Şikayətim insana qarşıdırmı? Mən necə səbir edim? |
| 5. | Mənə baxıb mat qalın, Əlinizi ağzınızın üstünə qoyun. |
| 6. | Bunu düşünəndə köksümü dəhşət bürüyür, Bədənimə titrətmə düşür. |
| 7. | Pislər nə üçün yaşayır? Yaşlandıqca niyə gücləri artır? |
| 8. | Övladları ətrafında, Nəsilləri gözlərinin qarşısında sapsağlamdır. |
| 9. | Evlərində əmin-amanlıqdır, qorxudan uzaqdır, Allahın dəyənəyi onlara dəymir. |
| 10. | Öküzləri cütləşir, qarınları boş qalmır, Doğar inəkləri var, bala salmaz. |
| 11. | Övladlarını sürü tək yola salır, Uşaqları oynaşır. |
| 12. | Dəf və lira çalaraq nəğmə deyirlər, Tütək səsi ilə şənlənirlər. |
| 13. | Ömürlərini firavan keçirirlər, Ölülər diyarına rahat gedirlər. |
| 14. | Allaha belə deyirlər: “Bizdən uzaq ol, Yolunu tanımaq istəmirik. |
| 15. | Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək? Əgər Ona dua etsək, bizə nə fayda verər?” |
| 16. | Görürsən ki, xoşbəxtlikləri öz əllərində deyil, Pislərin nəsihəti qoy məndən uzaq olsun! |
| 17. | Neçə dəfə pislərin çırağı söndü, Başlarına bəla gəldi. Allah qəzəblənəndə onlara kədəri pay verdimi? |
| 18. | Neçə dəfə yel sovuran saman kimi, Tufanın uçurduğu saman çöpü kimi oldular? |
| 19. | Deyirsiniz ki, Allah Atanın cəzasını övladına çəkdirir. Bunun nə olduğunu bilsin deyə özünə çəkdirsin. |
| 20. | Qoy öz həlakını gözləri görsün, Külli-İxtiyarın qəzəbini su kimi içsin. |
| 21. | Çünki ili, ayı qurtaranda, Arxada qalan külfətindən nə zövq ala bilər? |
| 22. | Yüksək mənsəb sahiblərinə hökm edən Allaha Kim bilik verə bilər? |
| 23. | Biri tamam güclü, Tamam rahat və qayğısız, |
| 24. | Bədəni ətli-canlı, Sümükləri ilikli ölür. |
| 25. | O biri isə dərd içində, Həyatdan kam almamış ölür. |
| 26. | İkisi də torpaqda yatır, İkisinin də bədənini qurd basır. |
| 27. | Bilirəm nə fikirdəsiniz, Qəsdiniz mənə qarşı olmaqdır. |
| 28. | Deyirsiniz: “Əsilzadələrin evi haradadır? Pislərin yaşadığı çadır haradadır?” |
| 29. | Yoldan keçənlərdən soruşmadınızmı? Söhbətlərinə qulaq asmadınızmı? |
| 30. | Pis insan fəlakət günündə sağ qalır, Qəzəb günü yol göstərilərək qurtulur. |
| 31. | Kim davranışını onun üzünə vurur? Kim etdiklərinə görə onu cəzalandırır? |
| 32. | Qəbiristana aparılarkən Məzarı üstə qarovul çəkilir. |
| 33. | Vadinin torpağı ona şirin gəlir, Hamı onun ardınca düşür. Qarşısında gedənlərsə saysızdır. |
| 34. | Məni necə boş sözlərlə ovuda bilərsiniz? Cavablarınız axıradək yalandır». |
| ← Job (21/42) → |