| ← Job (20/42) → |
| 1. | Naamatlı Sofar belə cavab verdi: |
| 2. | «Düşüncələrimə görə cavab verməyə məcburam, Çünki daxilən narahatam. |
| 3. | Məni utandıran bir giley eşidirəm, Ruhum dərrakəsi ilə məni cavab verməyə sövq edir. |
| 4. | Bilirsən ki, əzəldən bəri, İnsanın dünyaya gəlişindən bəri |
| 5. | Pislərin qələbə çalması qısa çəkər, Allahsızın sevinci bir an sürər. |
| 6. | Boyu göylərə çatsa da, Başı buludlara dəysə də, |
| 7. | Öz nəcisi kimi əbədilik yox ediləcək, Onu görənlər “O haradadır?” deyəcək. |
| 8. | Yuxu kimi uçacaq, bir daha tapılmayacaq, Bəli, gecə röyası kimi yox olacaq. |
| 9. | Onu görən gözlər bir daha görməyəcək, Yaşadığı yerdə görünməyəcək. |
| 10. | Övladları fəqirlərdən mərhəmət diləyəcək, Sərvətləri əllərindən gedəcək. |
| 11. | İnsanın sümükləri gənclik alovu ilə dolar, Amma insanla birlikdə torpaq altında yatacaq. |
| 12. | Pislik ağzına şirin gəlsə də, Dilinin altında gizlənsə də, |
| 13. | İnsan pisliyi tutub buraxmasa da, Damağının altında saxlasa da, |
| 14. | Yediyi yemək mədəsində qıcqıracaq, Daxilində ilan zəhərinə dönəcək. |
| 15. | Yediyi sərvətləri qusacaq, Qarnındakıları Allah bayıra çıxaracaq. |
| 16. | Başqa yerdə əfi ilan zəhərini əməcək, Gürzənin dişindən öləcək. |
| 17. | Axar suların, bal və qaymaq axan dərələrin Səfasını görməyəcək. |
| 18. | Zəhmətlə qazandığını yeməyib geri qaytaracaq, Ticarətdən qazandığı sərvətdən ləzzət almayacaq. |
| 19. | Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu, Özü tikmədiyi evi zorla almışdı. |
| 20. | Könlü rahatlıq nədir bilməz, Zövq aldığı şeylər onu xilas etməz. |
| 21. | Yeməyindən artıq qalmayacaq, Ona görə firavanlığı uzun sürməyəcək. |
| 22. | Bolluq içində əzaba düşəcək, Fəlakət ona qarşı əl qaldıracaq. |
| 23. | Qarnını dolduranda Allah şiddətli qəzəbini onun üzərinə göndərəcək, Onun üstünə tökəcək. |
| 24. | Dəmir silahdan qaça bilsə də, Tunc ox onu dəlib-deşəcək, |
| 25. | Ox onu dəlib-keçəcək, Onun kürəyindən çıxacaq, Parlaq ucu ödünü dağıdıb tökəcək. Üstünə dəhşət gələcək. |
| 26. | Xəzinələrinin aqibəti qaranlıq olacaq, Üfürülməmiş od onu yeyib-qurtaracaq, Çadırında qalanları da yandırıb-yaxacaq. |
| 27. | Göylər şər işlərinin üstünü açacaq, Dünya onun əleyhinə qalxacaq. |
| 28. | Allahın qəzəb günündə Azğın sellər sərvətini aparacaq. |
| 29. | Pis insan Allahdan belə pay alacaq, Allahın ona verdiyi irs budur». |
| ← Job (20/42) → |