| ← Job (19/42) → |
| 1. | Əyyub belə cavab verdi: |
| 2. | «Nə vaxtadək məni üzəcəksiniz, Məni sözlə əzəcəksiniz, |
| 3. | On dəfədir ki, məni təhqir edirsiniz, Utanmadan mənə kəskin sözlər söyləyirsiniz. |
| 4. | Həqiqətən, azıb yanlış yola düşmüşəmsə, Səhvim öz üstümdə qalır. |
| 5. | Özünüzü, həqiqətən, məndən üstün tutursunuz, Eybimi üzümə vurursunuz. |
| 6. | Amma bilin ki, Allah mənə haqsızlıq etdi, Hər tərəfdən məni toruna saldı. |
| 7. | Budur, “Zorakılıqdır!” deyə bağırıram, Bir cavab verən yoxdur, Kömək üçün nalə çəkirəm, ədalət yoxdur. |
| 8. | Keçə bilmirəm, yollarıma sədd çəkilib, Yollarımı qaranlığa salıb. |
| 9. | Şərəfimi əynimdən soyundurub, Başımdan tacı götürüb. |
| 10. | O məni hər tərəfdən yıxdı, əldən gedirəm, Ümidimi ağac kimi kökündən qopartdı. |
| 11. | Mənə qarşı qəzəbi od tutub yandı, Məni Özünə düşmən saydı. |
| 12. | Orduları üstümə gəlir, Mənə qarşı torpaq qalağı düzəldir, Çadırımın ətrafında ordugah qurur. |
| 13. | Qardaşlarımı məndən uzaqlaşdırdı, Tanışlarım mənə yad oldu. |
| 14. | Qohumlarım məni tərk eləyib, Yaxın dostlarım məni unudub. |
| 15. | Evimin sakinləri və kənizlər Məni özgə sayır, Onların gözündə yad olmuşam. |
| 16. | Qulumu çağırıram, Ağız açıb yalvarsam belə, cavab almıram. |
| 17. | Nəfəsimdən arvadımın da zəhləsi gedir, Qardaşlarım məndən iyrənir. |
| 18. | Mənə hətta kiçik uşaqlar xor baxır, Ayağa duranda məni ələ salırlar. |
| 19. | Bütün səmimi dostlarım belə, məndən ikrah edir, Əzizlərim belə, əleyhimə çıxır. |
| 20. | Bir dəri, bir sümük qalmışam, Ölüm kandarına çatmışam. |
| 21. | Aman, ey dostlarım, aman, Allahın əli məni vurdu! |
| 22. | Niyə məni Allah kimi qovursunuz? Niyə mənim ətimdən doymursunuz? |
| 23. | Kaş ki sözlərim yazılaydı, Kitaba köçürüləydi, |
| 24. | Dəmir qələmlə, qurğuşunla Əbədi qalmaq üçün bir qayaya həkk olaydı. |
| 25. | Amma mən bilirəm ki, Satınalanım yaşayır, Axırda O, yer üzərində dayanacaq. |
| 26. | Dərim yox olandan sonra Bədən alıb Allahı görəcəyəm. |
| 27. | Mən Ona baxacağam, Başqası yox, mən öz gözlərimlə görəcəyəm. Budur, ürəyim həsrətdən üzülür! |
| 28. | Mənim üçün “Bəs onu necə qovaq? Bədbəxtliyin kökü ondadır” desəniz, |
| 29. | Qılıncdan qorxmalısınız, Çünki qılınc cəzası qəzəblə gəlir. Onda ədalətin var olduğunu görəcəksiniz». |
| ← Job (19/42) → |