| ← Job (18/42) → |
| 1. | Şuahlı Bildad belə cavab verdi: |
| 2. | «Bu sözlər nə vaxt qurtaracaq? Əgər dərrakəli olsanız, danışarıq. |
| 3. | Niyə heyvana bənzəyək? Gözlərinizə axmaq kimi görünək? |
| 4. | Özünü hirsindən didib-dağıdırsan. Sənə görə bu aləmdən vaz keçəkmi? Yoxsa sal qayalar yerindən çıxsın? |
| 5. | Bəli, şər insanın işığı sönəcək, Odu-alovu parlamayacaq. |
| 6. | Çadırında nur qaranlığa dönəcək, Yanındakı çıraq sönəcək. |
| 7. | Addımları gücdən düşəcək, Öz işlətdiyi fənddən yıxılacaq. |
| 8. | Ayaqları onu tələyə aparacaq, Öz ayağı ilə tora düşəcək. |
| 9. | Kəmənd topuğundan tutacaq, Tələ açılıb onu qapacaq. |
| 10. | Torpaq üstə onun üçün gizli kəmənd səriləcək, Yolu üstə onu tələ gözləyəcək. |
| 11. | Dəhşət onu hər tərəfdən bürüyəcək, Hər addımda onu təqib edəcək. |
| 12. | Aclıq taqətini yeyib-qurtaracaq, Yanında fəlakət hazır dayanacaq. |
| 13. | Dərisini azar yeyəcək, Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək. |
| 14. | Əmin-amanlıq çadırından atılacaq, Dəhşətlər padşahının yanına aparılacaq. |
| 15. | Çadırında ona aid heç nə olmayacaq, Yurduna kükürd yağacaq. |
| 16. | Aşağıda rişələri quruyacaq, Yuxarıda budaqları solacaq. |
| 17. | Onun adı yer üzündə unudulacaq, Məhəllə-küçələrdə adı yaddan çıxacaq. |
| 18. | İşıqdan zülmətə aparılacaq, Dünyadan qovulacaq. |
| 19. | Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq, Məskənində bir kimsəsi qalmayacaq. |
| 20. | Qərbdəkilər halına heyrətlənəcək, Şərqdəkilər onu görüb dəhşətə gələcək. |
| 21. | Bəli, pislərin həyatının aqibəti budur, Allahı tanımayanların məskəni budur». |
| ← Job (18/42) → |