| ← Job (16/42) → |
| 1. | Əyyub belə cavab verdi: |
| 2. | «Bu cür sözləri çox eşitmişəm, Hamınız adamincidən təsəlliçilərsiniz. |
| 3. | Bu boş söhbətləriniz qurtaracaqmı? Sizi nə vadar edir, belə danışırsınız? |
| 4. | Siz mənim yerimdə olsaydınız, mən də belə deyərdim. Əleyhinizə yaxşı-yaxşı sözlər düzüb başımı yelləyərdim. |
| 5. | Ağzım ürəkləndirici sözlər deyərdi, Dilimdən təsəlliverici sözlər çıxarardım, Mən sizi ovudardım. |
| 6. | Danışmağımla dərdim azalmır, Susuram, nə dəyişir? |
| 7. | Ay Allah, məni taqətdən saldın, Bütün külfətimi darmadağın etdin. |
| 8. | Sıxılıb əzilməyim buna şahiddir, Taqətsizliyim əleyhimə çıxıb şahidlik edir. |
| 9. | Allah məni qəzəbi ilə parçalayır, Mənə nifrət edir, dişlərini qıcıdır, Düşmənim gözlərini mənə dikir. |
| 10. | Mənə qarşı insanlar dodaq büzür, Həqarətlə üzümə şillə vurur, Mənə qarşı əlbir olur. |
| 11. | Allah məni haqsızlara təslim etdi, Pislərin əlinə verdi. |
| 12. | Rahat yaşayırdım, Allah məni pərən-pərən saldı, Boynumdan tutub yerə vurdu, məni Özünə hədəf etdi. |
| 13. | Onun oxçuları ətrafımı aldı, Aman vermədən böyrəklərimi deşdilər, Ödümü yerə tökdülər. |
| 14. | Bədənimə yara üstündən yara vurulur, Cəngavər tək üzərimə yüyürürlər. |
| 15. | Əynimə çul tikmişəm, Qürurumu yerə atmışam. |
| 16. | Ağlamaqdan üzüm qızardı, Kirpiklərimin altı-üstü kölgə saldı. |
| 17. | Yenə də zalımlıq əlimdən gəlmir, Sənə səmimiyyətlə dua edirəm. |
| 18. | Ey torpaq, qanımın üstünü örtmə, Qoy heç nə mənim naləmi saxlamasın. |
| 19. | Lap indidən şahidim göylərdədir, Himayədarım yüksəklərdədir. |
| 20. | Dostlarım məni ələ salır, Gözlərim Allaha baxıb ağlayır. |
| 21. | Bəşər oğlu qonşusu üçün yalvardığı kimi Biri də mən insandan ötrü qoy Allaha yalvarsın. |
| 22. | Çünki bir neçə il keçəndən sonra Gedər-gəlməz yola gedəcəyəm. |
| ← Job (16/42) → |