| ← Job (15/42) → |
| 1. | Temanlı Elifaz belə cavab verdi: |
| 2. | «Müdrik insan boş sözlərlə cavab verərmi? Köksünü şərq küləyi ilə doldurarmı? |
| 3. | Faydasız sözlərlə, dəyərsiz nitqlərlə Mübahisə etmək olarmı? |
| 4. | Amma sən Allah qorxusunu bir kənara qoyursan, Allah hüzurunda düşünməyə mane olursan. |
| 5. | Çünki sənin ağzın günahdan dərs alıb, Hiyləgərlərin dili ilə danışırsan. |
| 6. | Səni məhkum edən mən deyiləm, öz dilindir. Dodaqların öz əleyhinə şəhadət edir. |
| 7. | İlk doğulan insan sənsənmi? Yoxsa dağlardan da əvvəl sən var olmusan? |
| 8. | Allahın sirrinəmi qulaq asmısan? Təkcə özünümü müdrik sayırsan? |
| 9. | Sən nəyi bilirsən ki, biz onu bilmirik? Sənin dərk etdiyin nədir ki, biz onu dərk etmirik? |
| 10. | Bizdə ağsaçlı da, yaşlı da var, Onlar atandan da yaşlı olar. |
| 11. | Sənə Allahın təsəllisi, Söylədiyi xoş sözlər kifayət deyilmi? |
| 12. | Niyə qəlbin səni belə çaşdırır, Gözlərindən od çıxır? |
| 13. | Niyə Allaha qəzəbini göstərirsən, Dilindən belə sözlər çıxır? |
| 14. | İnsan, həqiqətən, təmiz ola bilərmi? Qadından doğulan insan saleh ola bilərmi? |
| 15. | Allah müqəddəslərinə belə, etibar etmirsə, Göylər belə, Onun gözündə təmiz deyilsə, |
| 16. | Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi? |
| 17. | Dinlə məni, sənə deyim, Gördüyümü bəyan edim – |
| 18. | Hikmətli adamların dediklərini, Atalarından alıb gizlətmədiyi şeyləri. |
| 19. | O atalar ki ölkə yalnız onlara verilmişdi, Aralarına yadelli girməmişdi. |
| 20. | Pis insan həyatı boyu əzab çəkir, Zorakı adama ayrılan illərin sayı bilinir. |
| 21. | Qulağından dəhşətli səslər əskilmir, Dinc oturanda soyğunçular ona hücum edir. |
| 22. | İnana bilməz ki, qaranlıqdan qurtara bilər, Onu qılınc gözlər. |
| 23. | “Haradadır?” deyib çörək üçün avara gəzər, Qara günlərinin yanında olduğunu bilər. |
| 24. | Ağrı və sıxıntı onu qorxudar, Zəfər çalan padşah kimi onu məğlubiyyətə uğradar. |
| 25. | Çünki Allaha belə, əl uzadıb, Külli-İxtiyara meydan oxuyub. |
| 26. | Dikbaşlıq edib, dəyirmi sipərini tutub, Allahın üstünə hücum çəkir. |
| 27. | Onun üzü tosqunluqdan şişər, Qarnı nə qədər piyləşər, |
| 28. | O, dağılmış şəhərlərdə, Kimsəsiz, yerlə yeksan olan viranələrdə, Aqibəti dağılmaq olan evlərdə yaşayacaq. |
| 29. | Varlı olmayacaq, sərvətləri tükənəcək, Malları ölkəni bürüməyəcək. |
| 30. | Qaranlıqdan qurtulmayacaq, Pöhrələrini alov tutacaq, Allahın ağzının nəfəsi ilə yox olacaq. |
| 31. | Qoy boş şeyə güvənərək özünü aldatmasın, Çünki əvəzində nəsibi boşluq olacaq. |
| 32. | İşi vaxtsız bitəcək, Budağı göyərməyəcək. |
| 33. | Qorası tökülən üzüm ağacı kimi, Çiçəyi tökülən zeytun ağacı kimi olacaq. |
| 34. | Çünki allahsız icma qısır olar, Rüşvətxorların çadırı od tutub yanar. |
| 35. | Onlar bəlaya hamilə olub şər doğar, Bətnləri hiylə ilə dolar». |
| ← Job (15/42) → |