| ← Job (14/42) → |
| 1. | Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur. |
| 2. | Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər. |
| 3. | Gözlərini beləsinəmi dikirsən? Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən? |
| 4. | Kim çirkab içindən təmiz bir şey tapar? Heç kim! |
| 5. | İnsana ömür günləri müəyyən edilib, Aylarının sayını Sən bilirsən, Ömrü üçün müəyyən hədd qoymusan, Bu həddi keçən yoxdur. |
| 6. | Sən ondan gücünü çək, İş gününü bitirən zəhmətkeş kimi Bir az dincəlsin. |
| 7. | Bir ağac üçün ümid var, Kəsilsə belə, yenə pöhrəsini verər, Şaxələri əskilməz. |
| 8. | Kökü yerdə qocalsa da, Kötüyü torpaqda məhv olsa da, |
| 9. | Suyun iyini duyanda çiçəklənər, Cavan ağac kimi şaxələnər. |
| 10. | Amma insan ölər, dəfn olunar, Son nəfəsini verər, yox olar. |
| 11. | Dəniz suları çəkilib getdiyi kimi, Çaylar azalıb quruduğu kimi |
| 12. | İnsan da yatar, bir daha qalxmaz, Göylər yox olanadək oyadılmaz, Yuxularından ayılmaz. |
| 13. | Kaş ki məni ölülər diyarında gizlədəydin, Qəzəbin keçənədək saxlayaydın, Mənə möhlət verəydin, Sonra məni yada salaydın. |
| 14. | İnsan ölsə, dirilərmi? Növbəm çatanacan Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm. |
| 15. | Sən çağıranda cavab verəcəyəm, Əllərinin bu işinin həsrətini çəkəcəksən. |
| 16. | O zaman addımlarımı sayacaqsan, Günahımı nəzərə almayacaqsan. |
| 17. | Üsyankarlığım torbada möhürlənəcək, Günahımın üstünü örtəcəksən. |
| 18. | Amma dağın uçub dağılması kimi, Qayanın yerindən qopması kimi, |
| 19. | Su daşları yuvarladığı kimi, Sellər torpağı yuyub apardığı kimi Sən də insanın ümidini yox edirsən. |
| 20. | Onu əbədi məğlub edirsən, o köçüb gedir. Görkəmini dəyişdirib yola salırsan. |
| 21. | Övladları şərəflənəndə də onun xəbəri olmaz, Düşkün hala düşəndə də heç nəyi başa düşməz. |
| 22. | Hamı öz canının ağrısını duyur, Yalnız özü üçün yas tutur». |
| ← Job (14/42) → |