| ← Job (13/42) → |
| 1. | Bax gözlərim hər şeyi gördü, Qulaqlarım bunu eşidib dərk etdi. |
| 2. | Sizin bildiyinizi mən də anlayıram, Sizdən geri qalmıram. |
| 3. | Amma istəyirəm Külli-İxtiyarla danışım, Allahla mübarizə aparım. |
| 4. | Sizlərsə yalandan mala çəkirsiniz, Hamınız dəyərsiz həkimlərsiniz. |
| 5. | Kaş hamınız səsinizi kəsəydiniz, Onda hikmətli görünərdiniz. |
| 6. | İndi necə bəhsə girdiyimi eşidin, Dilimin iddiasını yaxşı dinləyin. |
| 7. | Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz? Onun adına yalanmı söyləyəcəksiniz? |
| 8. | Sizmi Onun tərəfini tutacaqsınız? Sizmi Onun müdafiəsinə qalxacaqsınız? |
| 9. | O sizi istintaq edərsə, yaxşı olarmı? İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı? |
| 10. | Əgər Onun tərəfini gizli tutsanız, Şübhəsiz ki, sizi də məzəmmət edər. |
| 11. | Onun əzəməti sizi vahimələndirməzmi? Xofu üstünüzə düşməzmi? |
| 12. | Fikrinizdəki sözlər, məsəllər külə dəyməz, Müdafiəniz lilə dəyməz. |
| 13. | Susun, qoyun danışım, Qoy başıma gələn gəlsin. |
| 14. | Həyatım təhlükəyə düşürsə-düşsün. Canım bəlaya düşürsə-düşsün. |
| 15. | Məni öldürsə də, Ona etibar edəcəyəm, Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam. |
| 16. | Əslində bu məni qurtaracaq, Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz. |
| 17. | Diqqətlə sözlərimə qulaq asın, Qoy elan etdiklərim qulaqlarınızda qalsın. |
| 18. | Baxın mühakiməyə hazırlaşmışam, Haqlı çıxacağımı bilirəm. |
| 19. | Kim məni ittiham edəcək? Eləsi varsa, son nəfəsimi verib susaram. |
| 20. | Ey Allah, mənim üçün bu iki şeyi et ki, Səndən gizlənməyim: |
| 21. | Əlini üzərimdən götür, Məni dəhşətinlə qorxutma. |
| 22. | Sonra da məni səslə, qoy Sənə cavab verim, Yaxud da qoy mən danışım, Sən cavab söylə. |
| 23. | Təqsirlərim, günahlarım nə qədərdir? Mənə üsyankarlığımı və günahlarımı bildir. |
| 24. | Niyə üzünü gizlədirsən, Məni düşmən hesab edirsən? |
| 25. | Məgər yelin qopardığı yarpağı qorxudacaqsan? Məgər quru saman çöpünü qovacaqsan? |
| 26. | Çünki əleyhimə acı şeylər yazırsan, Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən. |
| 27. | Ayaqlarımı buxovlayırsan, Bütün yollarıma göz qoyursan, Hər addımımı yoxlayırsan. |
| 28. | Ona görə çürük şey tək məhv oluram. Güvə yemiş paltar kimiyəm. |
| ← Job (13/42) → |