| ← Job (12/42) → | 
| 1. | Əyyub belə cavab verdi: | 
| 2. | «Yəqin ki siz özünüzü xalq içində müdrik sanırsınız, Siz öləndə hikmət də öləcək. | 
| 3. | Sizin qədər mənim də ağlım var, Sizdən geri qalmıram. Bu cür şeyləri kim bilmir? | 
| 4. | Mən dostlarımın gülüş hədəfi olmuşam, Vaxtı ilə Allaha yalvaranda mən də cavab almışam, Amma indi bir saleh, bir kamil insan gülünc olub. | 
| 5. | Dərdsizlər bəlanı boş bir şey sanır, Büdrəyənlər üçün bəla hazır dayanır. | 
| 6. | Soyğunçuların çadırlarında rahatlıq var, Allahı qəzəbləndirənlər əmin-amanlıqdadır, Axı onlar Allaha yox, öz qollarına arxalanır. | 
| 7. | Gəl heyvanlardan soruş, qoy sənə bildirsin, Qoy göydəki quşlar sənə desin, | 
| 8. | Torpağa de, qoy o sənə bildirsin, Dənizdəki balıqlardan soruş, sənə məlumat versin. | 
| 9. | Bunlardan hansı biri bilmir ki, Bunu Rəbbin əli edib? | 
| 10. | Hər yaratdığının canı Onun əlindədir, Bütün insanların nəfəsi Onun əlindədir. | 
| 11. | Yeməyin dadını damaq hiss etdiyi kimi Qulaq da sözləri sınaqdan keçirməzmi? | 
| 12. | Ağsaqqalların hikməti var, Uzunömürlülər dünyagörmüş olar. | 
| 13. | Hikmət və qüdrət Allahdandır, O, nəsihət və dərrakə verir. | 
| 14. | Onun yıxdığı bərpa olunmaz, Onun həbs etdiyi insan azad olmaz. | 
| 15. | Suları kəsərsə, quraqlıq olar, Suları buraxsa, dünyanı sel aparar. | 
| 16. | Qüdrət və hikmət Onundur, Aldadan da, aldanan da Onundur | 
| 17. | Məsləhətçiləri talana məruz qoyar, Hakimləri axmaqlaşdırar. | 
| 18. | Padşahların bağladığı bağı açar, Bellərinə qurşaq salar. | 
| 19. | Kahinləri talana məruz qoyar, Mətinləri də devirər. | 
| 20. | Etibarlı məsləhətçiləri susdurar, Ağsaqqalların ağlını alar. | 
| 21. | Əsilzadələrin üstünə rüsvayçılıq yağdırar, Güclülərin qurşaqlarını çıxarar. | 
| 22. | Qaranlığın dərin sirlərini açar, Ölüm kölgəsini aydınlığa çıxarar. | 
| 23. | Millətləri çoxaldar, millətləri yox edər, Millətləri artırar, millətləri sürgün edər. | 
| 24. | Dünyanın başçılarının ağlını başından alar, Yolu-izi məlum olmayan çöllərdə dolandırar. | 
| 25. | Qaranlıqda əl sürtə-sürtə yeriyərlər, Onları sərxoş kimi aşa-aşa gəzdirər. | 
| ← Job (12/42) → |