| ← Job (11/42) → |
| 1. | Naamatlı Sofar belə cavab verdi: |
| 2. | «Bu qədər söz cavabsız qalsınmı? Çox danışan haqlı sayılsınmı? |
| 3. | İnsanlar boşboğazlıqlarının qarşısında sussunmu? Sən rişxənd edəndə səni saxlamasınlar? |
| 4. | Allaha deyirsən: “İmanda safam, Gözün görür ki, pakam”. |
| 5. | Kaş ki Allah danışaydı, Sənə qarşı ağzını açaydı. |
| 6. | Səni hikmətin sirlərindən agah etsəydi, Hikmətin çox şaxələri üzə çıxardı. Bil ki, Allah günahlarının neçəsindən keçib. |
| 7. | Allahın dərin sirlərini dərk edə bilərsənmi? Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi? |
| 8. | Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən? |
| 9. | Meyarı aləmdən uzundur, Dənizlərdən genişdir. |
| 10. | Əgər gəlib səni zindana salarsa, məhkum edərsə, Kim Onun qarşısını ala bilər? |
| 11. | O, yalançıları tanıyır, Pisliyi görəndə onu dərk edir. |
| 12. | Vəhşi eşşək insan olaraq doğulanda Axmaq da ağla gələr. |
| 13. | Əgər ürəyini təqdis etsən, Əllərini Ona tərəf uzatsan, |
| 14. | Günahın varsa, ondan əl çək, Qoyma pislik çadırında sakin olsun. |
| 15. | Onda başını utanmadan dik tutarsan, Sağ-salamat, qorxusuz yaşayarsan. |
| 16. | Sən dar gününü unudub Onu axıb-qurtaran bir su kimi yad edərsən. |
| 17. | Həyatın gündüzün günəşindən də parlaq olar, Qaranlığın səhər kimi işıqlanar. |
| 18. | Çünki ümidin var, sən arxayınsan, Mühafizə olunaraq rahat yatarsan. |
| 19. | Yatanda belə, səni qorxudan olmaz, Sənin lütfünü çoxları arzular. |
| 20. | Amma pis adamların gözlərinin nuru sönəcək, Onların pənah yeri olmayacaq, Yeganə ümidləri son nəfəslərini vermək olacaq». |
| ← Job (11/42) → |