← Jeremiah (9/52) → |
1. | Kaş ki başım bulaq olaydı, Gözlərim yaş çeşməsinə dönəydi, Əziz xalqımdan öldürülənlərə Gecə-gündüz yas tutaydım. |
2. | Kaş ki kimsə mənə səhrada Səyyahların sığınacağını verəydi! Mən xalqımı tərk edib Onlardan uzaqlaşardım. Çünki onların hamısı Zinakar və xain yığınıdır. |
3. | «Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir. |
4. | «Hər kəs dostundan çəkinsin, Heç qardaşına da etibar etməsin. Çünki hər qardaş başqasına badalaq gəlir, Hər dost böhtançıdır. |
5. | Hər kəs öz dostunu aldadır, Doğru söyləmir. Onlar dillərini yalan danışmağa öyrətdi, Yorulana qədər günah işlətdi. |
6. | Ey Yeremya, hiylə içində yaşayırsan, Hiylədən ötrü Məni tanımaq istəmirlər» Rəbb belə bəyan edir. |
7. | Buna görə də Ordular Rəbbi belə deyir: «Mən onları əridəcəyəm, Sınaqdan keçirəcəyəm. Axı Mən əziz xalqımla Başqa cür necə rəftar edə bilərəm? |
8. | Dilləri öldürücü oxdur, Məkrlə danışırlar. Ağzı ilə qonşusuna xoş sözlər söyləyir, Ürəyində isə ona tələ qururlar». |
9. | Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı?» |
10. | Dağlar üçün ağlayıb nalə çəkəcəyəm, Çölün otlaqları üçün mərsiyə oxuyacağam. Çünki hamısı yandı, Daha kimsə oradan keçmir, Naxırın böyürtüsü eşidilmir. Quşlar və heyvanlar da qaçıb getdi. |
11. | «Yerusəlimi daş qalaqlarına, Çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb. |
12. | Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir? |
13. | Rəbb deyir: «Ona görə belə oldu ki, onlar üçün qoyduğum qanunumu rədd etdilər, sözümə qulaq asıb əməl etmədilər, |
14. | ürəklərinin inadkarlığına görə rəftar etdilər və atalarının öyrətdiyi kimi Baal bütlərinə itaət etdilər. |
15. | Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu xalqa yovşan yedirəcək, zəhərli su içirəcəyəm. |
16. | Onları özlərinin və atalarının tanımadıqları millətlər arasına səpələyəcəyəm. Onları məhv edənədək arxalarınca qılınc göndərəcəyəm”». |
17. | Ordular Rəbbi belə deyir: «İndi düşünün, Mərsiyəçi qadınları çağırın gəlsinlər, Bu işdə bacarıqlı olanları Gətirin gəlsinlər. |
18. | Qoy onlar tələsib o qədər Bizim üçün fəryad etsinlər ki, Gözlərimizdən yaş axsın, Kirpiklərimizdən su süzülsün». |
19. | Çünki Siondan fəryad səsi eşidilir: «Biz necə talan olunduq, Yaman rüsvay edildik. Çünki ölkəni tərk edirik, Məskənlərimiz dağıdılır». |
20. | Ey qadınlar, Rəbbin sözünü eşidin, Ağzından çıxan sözə qulaq asın. Qızlarınıza fəryad etməyi öyrədin, Hər kəs yoldaşına mərsiyə oxumağı öyrətsin. |
21. | Çünki ölüm pəncərələrimizə dırmaşdı, Saraylarımıza girdi ki, Küçədə uşaqları, Meydanlarda cavanları qırıb-çatsın. |
22. | Sən söylə ki, Rəbb belə bəyan edir: «İnsan cəsədləri tarlada peyin kimi, Biçinçinin ardınca qalan taya kimi yerə yıxılacaq. Onları yığıb aparan olmayacaq». |
23. | Rəbb belə deyir: «Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin, Varlı öz sərvəti ilə öyünməsin. |
24. | Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada Məhəbbət, ədalət və salehlik yaratdığını Dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram» Rəbb belə bəyan edir. |
25. | Bəli, Rəbb bəyan edir: «Gün gələcək ki, yalnız bədəni sünnət olanları cəzalandıracağam. |
26. | Misiri, Yəhudanı, Edomu, Ammon övladlarını, Moavı, çöldə yaşayıb kəkillərini qırxanların hamısını cəzalandıracağam, çünki bütün bu millətlər sünnətsizdir, bütün İsrail nəslinin də ürəyi sünnətsizdir». |
← Jeremiah (9/52) → |