← Jeremiah (7/52) → |
1. | Rəbdən Yeremyaya bu söz nazil oldu: |
2. | «Rəbbin məbədinin qapısında dur və orada bu sözü elan edib söylə ki, ey bütün Yəhuda, Rəbbə ibadət etmək üçün bu qapılardan girənlər, Rəbbin sözünə qulaq asın. |
3. | İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yollarınızı və əməllərinizi islah edin ki, Mən sizi bu yerdə yaşamağa qoyum. |
4. | ‹Burada Rəbbin məbədi var, Rəbbin məbədi var, Rəbbin məbədi var› deyib yalan sözlərə güvənməyin. |
5. | Əgər yollarınızı və əməllərinizi tamamilə islah etsəniz, bir-birinizlə, həqiqətən, ədalətlə rəftar etsəniz, |
6. | qəribə, yetimə və dul qadına zülm etməsəniz, bu yerdə günahsız qan tökməsəniz, özünüzə zərər vuraraq başqa allahların tərəfdarı olmasanız, |
7. | o zaman burada əbədilik atalarınıza verdiyim torpaqda sizi yaşamağa qoyacağam. |
8. | Siz isə faydasız olan yalan sözlərə güvənirsiniz. |
9. | Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz. |
10. | Sonra bütün bu iyrənc işləri görmək üçün Mənim adımla çağırılan bu məbədə gəlib önümdə durur və ‹biz əmin-amanlıqdayıq› deyirsiniz. |
11. | Mənim adımla çağırılan bu məbəd, sizcə, quldur yuvasına çevrildimi? Amma Mən nə etdiyinizi görürəm” Rəbb belə bəyan edir. |
12. | “İndi adımı ilk dəfə qoyduğum Şilodakı məskənimə gedin və xalqım İsrailin pisliyinə görə ona nə etdiyimi görün”. |
13. | Rəbb bəyan edir: “Siz bütün bu işləri gördünüz, dəfələrlə xəbərdarlıq etdiyim halda Mənə qulaq asmadınız, sizi çağırdığım halda cavab vermədiniz. |
14. | Buna görə də Şilo ilə necə rəftar etdimsə, Mənim adımla çağırılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar edəcəyəm. |
15. | Efrayim nəslindən olan soydaşlarınızı necə rədd etdimsə, sizi də eləcə önümdən rədd edəcəyəm. |
16. | Sən isə, ey Yeremya, bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə və önümdə mərhəmət istəmə, çünki sözünə qulaq asmayacağam. |
17. | Yəhuda şəhərlərində, Yerusəlim küçələrində onların nə etdiklərini görmürsənmi? |
18. | Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”. |
19. | Rəbb bəyan edir: “Onlar Mənimi incidirlər? Məgər özlərini rüsvay etmirlərmi?” |
20. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”. |
21. | İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yandırma qurbanlarımızı başqa qurbanlarınıza qatıb ət yeyin. |
22. | Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim. |
23. | Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›. |
24. | Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər. |
25. | Atalarınız Misir torpağından çıxdıqları gündən bu günə qədər Öz qullarım olan peyğəmbərləri hər gün dəfələrlə yanınıza göndərdim. |
26. | Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər. |
27. | Sən bütün bu sözləri onlara söyləyəcəksən, ancaq sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, ancaq sənə cavab verməyəcəklər”. |
28. | Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar. |
29. | Ey Yerusəlim, saçını kəsib at, Çılpaq təpələr üzərində mərsiyə oxu, Çünki Rəbb qəzəbləndiyi nəsli Rədd edib tərk etdi. |
30. | Ona görə ki Yəhuda övladları gözümdə pis olan işlər gördü” Rəbb belə bəyan edir. “Mənim adımla çağırılan məbədə iyrənc bütlərini qoyub oranı murdarladılar. |
31. | Onlar oğul və qızlarını odda yandırmaq üçün Ben-Hinnom dərəsindəki Tofetdə səcdəgahlar düzəltdilər. Mən belə bir şeyi nə buyurdum, nə də ağlıma gətirdim”». |
32. | Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, oraya Tofet yaxud Ben-Hinnom dərəsi deyil, Qırğın dərəsi deyiləcək. Tofetdə yer qalmayana qədər ölüləri basdıracaqlar. |
33. | Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları qorxudub qaçıran olmayacaq. |
34. | Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq». |
← Jeremiah (7/52) → |