← Jeremiah (52/52) |
1. | Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. |
2. | O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər gördü. |
3. | Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi. Axırda Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi. |
4. | Sidqiyanın padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi. |
5. | Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı. |
6. | Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı. |
7. | Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan qaçıb Arava yoluna çıxdı. |
8. | Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanın bütün ordusu onu tərk edib dağıldı. |
9. | Padşahı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahının yanına apardılar. Babil padşahı onun haqqında hökm verdi. |
10. | O, Sidqiyanın gözü önündə oğullarını öldürtdü, sonra bütün Yəhuda başçılarını da Rivlada öldürtdü. |
11. | Həmçinin Sidqiyanın gözlərini çıxartdı, onu qandallayıb Babilə apardı. Babil padşahı onu ölənə qədər zindanda saxladı. |
12. | Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın onuncu günü Babil padşahına xidmət edən keşikçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi. |
13. | O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. |
14. | Keşikçilər rəisinə tabe olan bütün Xaldey ordusu hər tərəfdən Yerusəlim divarlarını uçurtdu. |
15. | Keşikçilər rəisi Nevuzaradan yoxsul adamların bir hissəsini, şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və sağ qalan sənətkarları sürgün etdi. |
16. | Ancaq o, bağçılıq, əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı. |
17. | Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardı. |
18. | İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, piyalələri, nimçələri və bütün tunc qabları götürüb apardılar. |
19. | Keşikçilər rəisi xalis qızıldan və gümüşdən olan tasları, buxurdanları, piyalələri, qazanları, çıraqdanları, nimçələri, kasaları götürüb apardı. |
20. | Rəbbin məbədi üçün padşah Süleymanın düzəltdiyi iki sütun, hovuz və altındakı on iki tunc buğa heykəli və dayaqlardan alınan tuncun ağırlığı hesaba gəlməzdi. |
21. | Bir sütunun hündürlüyü on səkkiz qulac idi, dairəsi on iki qulac idi. Hər biri dörd barmaq qalınlığında idi, içləri boş idi. |
22. | Üzərində tunc bir başlıq var idi. Başlığın hündürlüyü beş qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi, hamısı tuncdan düzəldilmişdi. O biri sütun da narlarla bəzənmişdi və əvvəlkinə bənzəyirdi. |
23. | Yanlarda doxsan altı nar var idi. Başlığı əhatəyə alan hörmə torların üzərində cəmi yüz nar var idi. |
24. | Keşikçilər rəisi Nevuzaradan başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astanada keşik çəkən üç nəfəri əsir aldı. |
25. | Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan yeddi nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu. |
26. | Keşikçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı. |
27. | Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu. |
28. | Navuxodonosorun sürgünə apardığı xalqın sayı belədir: yeddinci ildə üç min iyirmi üç nəfər Yəhudi; |
29. | Navuxodonosorun padşahlığının on səkkizinci ilində Yerusəlimdən səkkiz yüz otuz iki nəfər; |
30. | iyirmi üçüncü ilində keşikçilər rəisi Nevuzaradanın sürgün etdiyi yeddi yüz qırx beş nəfər Yəhudi. Ümumilikdə dörd min altı yüz nəfər idi. |
31. | Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi beşinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi. |
32. | Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtından yuxarı bir taxt qoydurdu. |
33. | Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə həmişə Babil padşahının süfrəsində yemək yeyərdi. |
34. | Bütün ömrü boyu ona Babil padşahı tərəfindən öləcəyi günə qədər gündəlik azuqə verilirdi. |
← Jeremiah (52/52) |