← Jeremiah (5/52) → |
1. | Yerusəlimin küçələrini dolaşın, Ətrafa baxıb fikirləşin, Onun meydanlarını axtarın. Əgər bir nəfər düz iş görən, Həqiqət axtaran adam tapsanız, Mən şəhəri bağışlayaram. |
2. | Onlar “var olan Allaha and olsun” desələr də, Yalandan and içirlər». |
3. | Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi? Sən onları vurdun, Ancaq ağrı hiss etmədilər. Sən onları qırdın, Ancaq ibrət götürmədilər. Üzləri qayadan bərk olub, Dönmək istəmədilər. |
4. | Mən dedim: «Bunlar ancaq yoxsul, ağılsız avamlardır, Çünki Rəbbin yolunu, Özlərinin Allahının hökmlərini bilmirlər. |
5. | Qoy mən böyüklərin yanına gedib Onlarla danışım, Çünki Rəbbin yolunu, Özlərinin Allahının hökmlərini bilirlər». Ancaq onlar da boyunduruğu sındırıb İpləri qopardılar. |
6. | Buna görə də meşədən bir aslan çıxıb Onları öldürəcək, Səhradan qurd gəlib onları parçalayacaq, Şəhər kənarında bəbir pusqu quracaq, Şəhərdən çıxan hər adam parçalanacaq. Çünki çox üsyan etdilər, Dəfələrlə dönük oldular. |
7. | «Buna görə səni necə bağışlaya bilərəm? Övladların Məni tərk etdi, Allah olmayan bütlərin adı ilə and içdi. Mən onları doydurdum, Amma onlar zina etdi, Fahişələrin evlərinə yığışdı. |
8. | Onlar harınlaşmış, şəhvətli atlar kimidir. Hər biri qonşusunun arvadına kişnəyir». |
9. | Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı? |
10. | Onların bağlarını dolaşıb dağıdın, Amma büsbütün məhv etməyin. Meynə budaqlarını qoparıb atın, Çünki onlar Rəbbə məxsus olmayan insanlardır». |
11. | Rəbb bəyan edir: «İsrail və Yəhuda nəsli Mənə tamamilə xəyanət etdi. |
12. | Onlar Rəbb üçün yalandan dedi: “O heç nə etməz, Başımıza bəla gəlməz. Nə qılınc görəcəyik, nə aclıq”. |
13. | Peyğəmbərlər boşboğazdır. Allahın sözü onlarda deyil, Qoy onların başına bu iş gəlsin». |
14. | Buna görə də Ordular Allahı Rəbb belə deyir: «Belə sözlər dedikləri üçün, Ey Yeremya, sözlərimi sənin ağzında atəşə, Bu xalqı isə oduna çevirəcəyəm, Atəş onları yandırıb-qurtaracaq». |
15. | Rəbb bəyan edir: «Ey İsrail xalqı, Uzaqdan üstünüzə bir millət gətirəcəyəm. Dilini bilmədiyin, Dediklərini anlamadığın Güclü, qədim bir millət. |
16. | Onların oxdanları Açıq qəbir kimidir, Hamısı igid döyüşçüdür. |
17. | Onlar sənin məhsul və çörəyini yeyəcək. Oğul və qızlarını yeyəcək, Sürü və naxırlarını yeyəcək, Meynə və əncir ağaclarını yeyəcək. Güvəndiyin qalalı şəhərləri Qılıncla dağıdacaq». |
18. | Ancaq Rəbb bəyan edir: «Hətta o günlər sizi tamamilə qırıb-çatmayacağam. |
19. | Bir vaxt onlar soruşacaq: “Nə üçün Allahımız Rəbb bütün bunları başımıza gətirdi?” Onda onlara belə söylə: “Necə Məni tərk edərək öz ölkənizdə yad allahlara xidmət etdinizsə, eləcə də özgə ölkədə yadellilərə xidmət edəcəksiniz”. |
20. | Bunu Yaqub nəslinin içində bildirin, Yəhudada elan edin. |
21. | Ey gözləri olub görməyən, Qulaqları olub eşitməyən, Ağılsız və dərrakəsiz xalq, Bu sözə qulaq asın! |
22. | Məndən qorxmursunuzmu?» Rəbb belə bəyan edir. «Mənim qarşımda titrəmirsinizmi? Axı Mən əbədi qayda ilə Dəniz üçün qumu sərhəd qoydum, Dəniz bu sərhədi keçə bilməz. Dalğaları coşsa da, Üstün gələ bilməz. Nərə çəksə də, keçə bilməz. |
23. | Bu xalqın ürəyi inadlı və üsyankardır. Onlar azıb öz yolları ilə getdi. |
24. | Daha öz-özlərinə demirlər ki, Payız və yaz yağışlarını vaxtında verən, Müəyyən biçin həftələrini bizim üçün qoruyan Allahımız Rəbbə sitayiş edək. |
25. | Təqsirləriniz bunları sizdən aldı, Günahlarınız sizi bu nemətdən məhrum etdi. |
26. | Mənim xalqımın içində pis adamlar var: Quş ovçuları kimi pusquda dururlar, Tələ qurub adam tuturlar. |
27. | Quşlarla dolu qəfəs kimi Onların evləri hiylə ilə doludur. Bunun sayəsində yüksəldilər, varlandılar. |
28. | Onlar piylənib, yoğunlaşıb, Pis işlərlə hədlərini aşıb, Məhkəmə işlərini, Yetimlərin işlərini Ədalətlə həll etmirlər ki, Qalib gəlsinlər. Yoxsulların haqqını müdafiə etmirlər». |
29. | Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı? |
30. | Bu ölkədə heyrətli və dəhşətli bir iş oldu: |
31. | Peyğəmbərlər yalandan peyğəmbərlik edir, Kahinlər onların əli ilə hökmranlıq edir. Xalqım da bunu bəyənir. Amma axırda nə edəcəksiniz?» |
← Jeremiah (5/52) → |