← Jeremiah (48/52) → |
1. | Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vay Nevonun halına! Çünki viranəliyə çevriləcək. Qiryatayim dağılacaq, Ələ keçiriləcək. Qalası dağılacaq, Darmadağın olacaq. |
2. | Artıq Moavın şöhrəti qalmayıb. Xeşbonda onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki, Daha bir də belə millət olmasın”. Ey Madmen, sən də susdurulacaqsan, Qılınc səni qovacaq. |
3. | Xoronayimdən fəryad səsi gələcək: “Şəhər dağıldı və böyük qırğın oldu!” |
4. | Moav dağıdıldı, Övladlarının fəryadı ucaldı. |
5. | Ağlaya-ağlaya Luxit yoxuşundan çıxırlar, Çünki Xoronayim enişində Qırğına görə acı fəryadlar eşidilir. |
6. | Qaçın, canınızı qurtarın! Çöldəki yulğun ağacı kimi az-az görünün. |
7. | Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün Sən də ələ keçiriləcəksən. Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə Sürgün ediləcək. |
8. | Rəbbin söylədiyi kimi Məhv edən hər şəhərin üstünə gələcək, Heç bir şəhər qurtulmayacaq. Vadi yerlə yeksan olacaq, Yayla viran ediləcək. |
9. | Moav torpağına duz tökün ki, Bərəkətsiz olsun. Şəhərləri elə viran olacaq ki, Orada kimsə yaşamayacaq. |
10. | Rəbbin işini yarımçıq görənə Lənət olsun! Qılıncını qan tökməkdən saxlayana Lənət olsun! |
11. | Moav cavanlığından bəri qayğısız idi. Tortası dibdə qalan şəraba oxşayırdı. Qabdan qaba boşaldılmadı, Sürgünə getmədi. Buna görə də dadını dəyişmədi, Ətrini itirmədi. |
12. | Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər. |
13. | İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq. |
14. | Nə üçün “biz igidik, Döyüşə qabil əsgərlərik” deyirsiniz? |
15. | Moav məhv olacaq, Onun şəhərlərinə hücum edəcəklər. Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək» Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir. |
16. | «Moavın fəlakəti gəlmək üzrədir, Onun bəlası sürətlə yaxınlaşır. |
17. | Ey onun ətrafında olanlar, Onun adını bilənlər, Onun üçün yas tutub deyin: “Qüdrətli əsa, əzəmətli dəyənək Necə də qırıldı!” |
18. | Ey qıza bənzəyən Divonun sakini, Cah-calalından düş, Susuz yerdə otur. Çünki Moavı məhv edən Sənin də üstünə gələcək, Qalalarını dağıdacaq. |
19. | Ey Aroer sakini, Yol kənarında durub gözlə! Qaçan kişidən, qurtulan qadından “Nə olub?” deyə soruş. |
20. | Moav alçaldıldı, Çünki dağıldı. Fəryad et, bağır! Moavın məhv olduğunu Arnon vadisində bildir. |
21. | Yayladakı şəhərlər – Xolon, Yahsa, Mefaat, |
22. | Divon, Nevo, Bet-Divlatayim, |
23. | Qiryatayim, Bet-Qamul, Bet-Meon, |
24. | Qeriyot, Bosra – uzaq və yaxın bütün Moav şəhərləri məhkum oldu. |
25. | Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir. |
26. | «Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək. |
27. | Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən? |
28. | Ey Moav sakinləri, Şəhərlərinizi tərk edib Qayalara sığının. Yuvasını uçurumun ağzında quran Göyərçin kimi olun. |
29. | Moavın qüruru, onun hədsiz məğrurluğu, Təkəbbürü, təşəxxüsü, lovğalığı, Özünü yüksək tutması barədə biz eşitmişdik. |
30. | Azğınlığını bilirəm» Rəbb belə bəyan edir. «Öyünməsi də boş şeydir, etdikləri də. |
31. | Buna görə də Moav üçün nalə çəkəcəyəm, Bütün Moav üçün fəryad edəcəyəm, Qir-Xeres xalqı üçün yas tutacağam. |
32. | Ey Sivma tənəyi, Sənin üçün Yazer xalqından çox ağlayacağam. Budaqların Ölü dənizi aşıb Yazerə çatdı. Məhv edən sənin yay meyvələrinin, Yetişmiş üzümünün üstünə atıldı. |
33. | Moavın meyvə bağlarından, tarlalarından Sevinc və fərəh götürüldü. Üzümsıxanlardan axan şərabı kəsdim. Heç kəs sevinc nidası ilə üzüm əzmir. Gələn səda sevinc nidası deyil. |
34. | Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu. |
35. | Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir. |
36. | «Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu. |
37. | Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq. |
38. | Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir. |
39. | «Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu». |
40. | Rəbb belə deyir: «Bax düşmən qartal kimi uçub Moav üzərində qanadlarını gərəcək. |
41. | Qeriyot ələ keçiriləcək, Qalalar alınacaq. O gün Moav döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq. |
42. | Moav viran olacaq, Xalqlar arasından silinəcək. Çünki Rəbb qarşısında qürurlandı. |
43. | Ey Moav sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq» Rəbb belə bəyan edir. |
44. | «Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Çünki Moavın üzərinə Cəza ilini gətirəcəyəm» Rəbb belə bəyan edir. |
45. | «Xeşbonun kölgəsində Qaçqınlar taqətsiz durmuşlar. Çünki Xeşbondan od, Sixonun ortasından alov çıxdı. Moavın alnını, Hər yana səs salanların başlarını Yandırıb-yaxdı. |
46. | Vay halına, ey Moav! Kemoşun xalqı yox oldu. Oğulların sürgünə göndərildi, Qızların əsir alındı. |
47. | Ancaq gələcəkdə Moavdan sürgün olunanları geri qaytaracağam» Rəbb belə bəyan edir. Moav barədəki hökm burada sona çatır. |
← Jeremiah (48/52) → |