← Jeremiah (43/52) → |
1. | Yeremya bütün xalqa özlərinin Allahı Rəbbin sözlərini, Onun Yeremya vasitəsilə onlara nazil etdiyi hər şeyi söyləməyi qurtaranda |
2. | Xoşaya oğlu Azarya, Qareah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremyaya dedi: «Sən yalan söyləyirsən. “Gedib Misirdə sakin olmayın” demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi. |
3. | Ancaq Neriya oğlu Baruk səni bizə qarşı təhrik edir ki, Xaldeylilər bizi öldürsün yaxud da Babilə sürgün etsin». |
4. | Qareah oğlu Yoxanan, bütün qoşun başçıları və xalq Rəbbin Yəhuda torpağında qalmaq əmrinə qulaq asmadı. |
5. | Əksinə, Qareah oğlu Yoxanan və bütün qoşun başçıları sürgün olunduqları millətlərin arasından Yəhuda torpağında sakin olmaq üçün qayıdan Yəhudalıların qalanını – |
6. | kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçilər rəisi Nevuzaradanın Şafan oğlu Axiqam oğlu Gedalyanın yanında qoyduğu hər kəsi, Yeremya peyğəmbəri və Neriya oğlu Baruku götürüb getdilər. |
7. | Onlar Rəbbin sözünə qulaq asmayıb Misir torpağına getdi və Taxpanxesə çatdı. |
8. | Taxpanxesdə Yeremyaya Rəbbin bu sözü nazil oldu: |
9. | «Əlinə böyük daşlar al və onları Yəhuda kişilərinin gözü önündə Taxpanxesə firon sarayına girilən yerdə olan kərpic döşəmənin palçığında gizlət. |
10. | Sonra onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən xəbər göndərib qulum Babil padşahı Navuxodonosoru gətirdəcəyəm və gizlətdiyim bu daşların üstündə onun taxtını quracağam. Padşah öz çadırını onların üstündə açacaq. |
11. | O gəlib Misir ölkəsini məğlub edəcək. Ölüm üçün ayrılanlar ölümə, sürgün üçün ayrılanlar sürgünə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək. |
12. | Misir allahlarının məbədlərində od qalayacağam. Babil padşahı onları yandıracaq, bütləri alıb aparacaq. Bir çoban paltarını necə bitdən təmizləyirsə, o da Misir ölkəsini eləcə təmizləyəcək. Sonra oradan sağ-salamat çıxacaq. |
13. | O, Misir torpağında Günəş allahının məbədinin dik daşlarını dağıdacaq, Misir allahlarının məbədlərini yandıracaq”». |
← Jeremiah (43/52) → |