← Jeremiah (42/52) → |
1. | Bütün qoşun başçıları, Qareah oğlu Yoxanan, Hoşaya oğlu Yezanya və böyükdən kiçiyə qədər bütün xalq yaxınlaşıb |
2. | Yeremya peyğəmbərə dedi: «Xahiş edirik, yalvarışımız sənə məqbul olsun, bizim üçün – bu qalan xalq üçün Allahın Rəbbə dua et, çünki necə ki görürsən, o boyda xalqdan azalıb bu qədər qalmışıq. |
3. | Qoy hara gedəcəyimizi, nə edəcəyimizi Allahın Rəbb bizə bildirsin». |
4. | Yeremya peyğəmbər onlara dedi: «Razıyam. İstədiyiniz kimi Allahınız Rəbbə dua edəcəyəm və barənizdə Rəbb nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nəyi gizli saxlamayacağam». |
5. | Onlar Yeremyaya dedi: «Allahın Rəbbin bizə bildirmək üçün sənə nazil etdiyi hər sözə əməl etməsək, qoy Rəbb Özü əleyhimizə həqiqi və etibarlı şahid olsun. |
6. | Səni yanına göndərdiyimiz Allahımız Rəbbin sözünü bəyənsək də, bəyənməsək də, ona qulaq asacağıq ki, işimiz yaxşı getsin. Bəli, Allahımız Rəbbin sözünə qulaq asacağıq». |
7. | On gün sonra Rəbbin sözü Yeremyaya nazil oldu. |
8. | Qareah oğlu Yoxananı, onunla birgə olan bütün qoşun başçılarını, böyükdən kiçiyə qədər bütün xalqı çağırıb |
9. | onlara dedi: «Yalvarışınızı önünə təqdim etmək üçün məni yanına göndərdiyiniz İsrailin Allahı Rəbb belə deyir: |
10. | “Əgər bu ölkədə qalsanız, Mən sizi dirçəldərəm, daha dağıtmaram, sizi əkərəm, daha çıxarmaram. Çünki başınıza gətirdiyim bütün bəlalara görə təəssüflənirəm. |
11. | Babil padşahından qorxmayın. Siz ondan qorxursunuz, ancaq qorxmayın” Rəbb belə bəyan edir. “Çünki Mən sizinləyəm və sizi azad edib onun əlindən qurtaracağam. |
12. | Mən sizə mərhəmət göstərəcəyəm ki, o da rəhm edib sizi öz torpağınıza qaytarsın”. |
13. | Ancaq siz “bu torpaqda yaşamayacağıq” deyərək Allahınız Rəbbin sözünə qulaq asmasanız, |
14. | “yox, biz Misir torpağına gedəcəyik, orada müharibə görməyəcəyik, şeypur səsi eşitməyəcəyik, aclıq çəkməyəcəyik və orada qalacağıq” desəniz, |
15. | onda, ey qalan Yəhudalılar, Rəbbin sözünü eşidin. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Əgər siz, doğrudan da, Misirə gedib orada sakin olmağı qərara alsanız, |
16. | o zaman qorxduğunuz həmin qılınc Misir torpağında sizə yetişəcək. Qorxduğunuz aclıq Misirdə sizi təqib edəcək və orada öləcəksiniz. |
17. | Misirə gedib sakin olmağı qərara alan hər kəs qılınc, aclıq və vəbadan öləcək. Onlardan heç kəs sağ qalmayacaq, başlarına gətirdiyim bəladan qaçıb qurtarmayacaq”. |
18. | Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlimdə yaşayanların üzərinə necə qəzəbim və qızğınlığım töküldüsə, siz Misirə getsəniz, eləcə qızğınlığım üzərinizə töküləcək. Siz lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfi olacaqsınız. Bir daha bu yeri görməyəcəksiniz”. |
19. | Ey Yəhudanın qalan camaatı, sizin üçün Rəbb “Misirə getməyin” söylədi. Yaxşı bilin ki, bu gün sizə xəbərdarlıq etdim. |
20. | Çünki siz fəlakət gətirən bir səhv etdiniz. Məni Allahınız Rəbbin yanına göndərib dediniz: “Allahımız Rəbbə bizim üçün dua et, Allahımız Rəbbin deyəcəyi hər şeyi bizə bildir, biz elə də edərik”. |
21. | Mən bu gün sizə xəbər verdim, ancaq siz məni yanınıza göndərdiyi heç bir işdə Allahınız Rəbbin sözünə qulaq asmadınız. |
22. | İndi yaxşı bilin ki, gedib sakin olmaq istədiyiniz yerdə qılınc, aclıq və vəbadan öləcəksiniz». |
← Jeremiah (42/52) → |