← Jeremiah (40/52) → |
1. | Keşikçilər rəisi Nevuzaradan Yeremyanı Ramada qoyub getdikdən sonra Rəbbin sözü Yeremyaya nazil oldu. Nevuzaradan onu Babilə sürgün olunan bütün Yerusəlim və Yəhuda xalqı ilə birgə zəncirlənmiş halda Ramaya aparmışdı. |
2. | Keşikçilər rəisi Yeremyanı tapıb ona dedi: «Bu yerin başına Allahın Rəbb bu bəlanı gətirəcəyini söylədi, |
3. | sonra da onu yerinə yetirib dediyi kimi etdi. Çünki Rəbbə qarşı günah etdiniz, sözünə qulaq asmadınız, buna görə də başınıza bu iş gəldi. |
4. | İndi səni əlinə vurulan zəncirlərdən azad edirəm. Əgər mənimlə birgə Babilə getmək istəyirsənsə, gəl gedək, sənin qayğına qalaram. Ancaq mənimlə birgə Babilə getmək istəmirsənsə, getmə. Bax bütün ölkə sənin qarşındadır, hara getmək sənin üçün yaxşı və düzgündürsə, ora da get». |
5. | Yeremya hələ qayıtmamış Nevuzaradan dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərinə qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanın yanına qayıt və onunla birgə xalq arasında yaşa. Yaxud da hara getmək istəyirsən, ora get». Keşikçilər rəisi ona azuqə və hədiyyə verib buraxdı. |
6. | Yeremya Mispaya Axiqam oğlu Gedalyanın yanına getdi və onunla birgə ölkədə qalan xalq arasında yaşadı. |
7. | Çöldə olan bütün qoşun başçıları və onların adamları eşitdi ki, Babil padşahı, Axiqam oğlu Gedalyanı ölkəyə başçı qoymuş və ölkənin yoxsul əhalisindən Babilə sürgün olunmamış kişiləri, qadınları və uşaqları onun ixtiyarına vermişdir. |
8. | Bu adamlar Mispaya, Gedalyanın yanına gəldi: Netanya oğlu İsmail, Qareahın oğulları Yoxanan və Yonatan, Tanxumet oğlu Seraya, Netofalı Efayın oğulları, Maakalının oğlu Yezanya və onların adamları. |
9. | Şafan oğlu Axiqam oğlu Gedalya onlara və öz adamlarına and içib dedi: «Xaldeylilərə qulluq etməkdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin, sizin üçün yaxşı olar. |
10. | Mənə gəlincə, bizim yanımıza gələcək Xaldeylilərin qabağında sizi təmsil etmək üçün Mispada qalacağam. Ancaq siz şərab, yay meyvələri və zeytun yağı yığıb qablarınıza doldurun və aldığınız şəhərlərdə yaşayın». |
11. | Moavda, Ammonlular arasında, Edomda və başqa ölkələrdə olan bütün Yəhudilər Babil padşahının Yəhudada müəyyən sayda əhali saxladığını və Şafan oğlu Axiqam oğlu Gedalyanı onlara başçı qoyduğunu eşitdi. |
12. | Yəhudilərin hamısı sürgün olunduqları bütün yerlərdən qayıtdı. Yəhuda torpağına, Mispada olan Gedalyanın yanına gəldilər, çoxlu şərab və yay meyvələri topladılar. |
13. | Qareah oğlu Yoxanan və çöllərdə olan bütün qoşun başçıları Mispada olan Gedalyanın yanına gəlib |
14. | ona dedi: «Ammonluların padşahı Baalisin sənin canını almaq üçün Netanya oğlu İsmaili göndərdiyini bilirsənmi?» Ancaq Axiqam oğlu Gedalya onlara inanmadı. |
15. | Qareah oğlu Yoxanan Mispada Gedalyaya gizlicə söylədi: «Burax gedim, Netanya oğlu İsmaili öldürüm, heç kəs bilməyəcək. Nə üçün o səni öldürsün və ətrafına yığılmış bütün Yəhudilər dağılsın, Yəhudadan sağ qalanlar da məhv olsun?» |
16. | Ancaq Axiqam oğlu Gedalya Qareah oğlu Yoxanana dedi: «Bu işi etmə, çünki İsmail barəsində yalan danışırsan». |
← Jeremiah (40/52) → |