← Jeremiah (4/52) → |
1. | Rəbb bəyan edir: «Ey İsrail, əgər geri qayıtsan, Mənə tərəf qayıtsan, İyrənc bütlərini önümdən götürsən, Bir daha sərgərdan gəzməsən, |
2. | Həqiqət, ədalət və doğruluqla “Var olan Rəbbə and olsun!” deyə and içsən, O zaman millətlər Rəbb vasitəsilə bərəkət alacaq, Onunla öyünəcək». |
3. | Çünki Yəhuda adamlarına və Yerusəlimə Rəbb belə deyir: «Özünüz üçün təzə əkin yeri şumlayın, Ancaq tikanlar arasında əkməyin. |
4. | Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq. |
5. | Yəhudada elan edin, Yerusəlimdə car çəkib deyin: “Ölkədə şeypur çalın!” Ucadan qışqırıb söyləyin: “Gəlin toplanıb Qalalı şəhərlərə girək!” |
6. | “Siona qaçın” deyə bayraq qaldırın, Qaçıb qurtulun, dayanmayın. Çünki Mən şimaldan Bəla və böyük qırğın gətirəcəyəm». |
7. | Aslan yuvasından çıxdı, Millətləri məhv edən yola düşdü. Öz yerindən çıxdı ki, Ölkənizi viran etsin. Şəhərləriniz yerlə yeksan olacaq, Orada sakin qalmayacaq. |
8. | Buna görə də çul geyinin, Yas tutub ağlayın. Çünki Rəbbin qızğın qəzəbi Bizdən dönmədi. |
9. | «O gün padşahın və başçıların Ürəyi gedəcək» Rəbb belə bəyan edir. «Kahinlər çaşacaq, Peyğəmbərlər karıxacaq». |
10. | Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi». |
11. | O vaxt bu xalqa və Yerusəlimə deyiləcək: «Səhradakı çılpaq təpələrdən əziz xalqıma tərəf isti bir külək əsir. Bu külək dən sovurmayacaq, taxıl təmizləməyəcək. |
12. | Mənim əmrimlə bundan da güclü bir külək əsəcək və Mən indi onlara Öz hökmümü bildirəcəyəm». |
13. | Budur, düşmən buludlar kimi gəlir, Onun döyüş arabaları qasırğa kimi yüksəlir, Atları qartallardan iti gedir. Vay halımıza! Çünki bərbad olduq. |
14. | Ey Yerusəlim, ürəyini pislikdən yuyub-təmizlə ki, xilas olasan. Bəd fikirlərin nə vaxta qədər içində qalacaq? |
15. | Artıq Dandan bir səs gəlir, Efrayimin dağlıq bölgəsindən bəd xəbər eşidilir. |
16. | «Millətlərə elan edin, Yerusəlimə xəbər çatdırın ki, Uzaq bir ölkədən gələn qoşun onu mühasirəyə alacaq, Yəhuda şəhərlərinin önündə nərə çəkəcək. |
17. | Onlar tarla nəzarətçiləri kimi hər tərəfdən şəhərə doğru gəlir, Çünki o Mənə qarşı üsyan etdi» Rəbb belə bəyan edir. |
18. | «Bunları sənin başına gətirən öz işlərin, öz əməllərindir. Cəzanın acısı lap ürəyinə çatıb. |
19. | Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm. |
20. | Qırğın üstünə qırğın gəlir, Bütün ölkə xaraba qalıb. Çadırlarım qəflətən, Pərdələrim bir anda dağıdıldı. |
21. | Nə vaxta qədər bayraq görəcəyəm, Boru səsi eşidəcəyəm? |
22. | Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər. |
23. | Yer üzünə baxdım, Quruluşsuz və boşdur. Göylərə baxdım, İşıqları yoxdur. |
24. | Dağlara baxdım, titrəyirdilər, Bütün təpələr yerlərindən qopurdu. |
25. | Baxıb gördüm ki, bir adam qalmayıb, Göydəki quşların hamısı uçub getmişdir. |
26. | Baxıb gördüm ki, bəhərli torpaq Səhraya çevrilib, Rəbbin önündə bütün şəhərləri Onun qızğın qəzəbi ilə dağılıb». |
27. | Bəli, Rəbb belə deyir: «Bütün ölkə viran olacaq, Ancaq tam məhv olmasına yol verməyəcəyəm. |
28. | Buna görə yer yas tutacaq, Yuxarıda göylər qaralacaq, Çünki bunu Mən demişəm, Fikrimdən daşınmayacağam, Sözümdən dönməyəcəyəm. |
29. | Bütün şəhərlərin əhalisi Süvarilərin və oxatanların Gurultusundan qaçacaq. Onlar sıx meşələrə girir, Qayalara dırmaşır. Bütün şəhərlər tərk edilmiş, Orada kimsə yaşamır. |
30. | Bəs sən ey viran şəhər, nə edəcəksən? Qırmızı paltar geyinsən də, Qızıl bəzəklər taxsan da, Gözlərinə sürmə sürtsən də, Əbəs yerə özünü bəzəyirsən. Sənə oynaşların xor baxır, Canını almaq istəyir. |
31. | Mən bir səs eşidirəm: Sanki doğuş ağrısı çəkən, Birinci dəfə doğan qadının – Əllərini uzatmış, Nəfəsi kəsilmiş Sion qızının səsidir. O deyir: “Vay halıma! Qatillərin önündə Canım taqətdən düşdü”. |
← Jeremiah (4/52) → |