← Jeremiah (39/52) → |
1. | Yəhuda padşahı Sidqiyanın padşahlığının doqquzuncu ilinin onuncu ayında Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin qarşısına gəlib şəhəri mühasirəyə aldı. |
2. | Sidqiyanın padşahlığının on birinci ilində, dördüncü ayın doqquzuncu günü şəhər divarında dəlik açıldı. |
3. | Babil padşahının bütün başçıları – Nerqal-Sareser, Samqar-Nevo, baş məmur Sarsekim, baş məsləhətçi Nerqal-Sareser və bütün başqa əyanlar içəri girib Orta darvazada oturdu. |
4. | Yəhuda padşahı Sidqiya və bütün döyüşçülər onları görəndə gecə vaxtı şəhərdən, padşah bağçası yolundan, iki divar arasındakı qapıdan çıxıb qaçdılar və Aravaya üz tutdular. |
5. | Xaldey ordusu onları təqib edib Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahı Navuxodonosorun yanına gətirdilər. O, Sidqiya barədə hökm verdi. |
6. | Babil padşahı Rivlada Sidqiyanın gözü önündə onun oğlanlarını öldürtdü. Babil padşahı bütün Yəhuda əyanlarını da öldürtdü. |
7. | Sidqiyanın isə gözlərini kor etdi və onu Babilə aparmaq üçün zəncirlədi. |
8. | Xaldeylilər padşah sarayını və xalqın evlərini yandırdılar, Yerusəlimin divarlarını uçurtdular. |
9. | Keşikçilər rəisi Nevuzaradan şəhərdə sağ qalan xalqı, onun tərəfinə keçənləri – sağ qalan bütün əhalini Babilə sürgün etdi. |
10. | Keşikçilər rəisi Nevuzaradan xalqdan heç bir şeyi olmayan bəzi yoxsulları Yəhuda torpağında saxladı, həmin gün onlara üzümlüklər və zəmilər verdi. |
11. | Babil padşahı Navuxodonosor Yeremya barədə keşikçilər rəisi Nevuzaradana əmr edib dedi: |
12. | «Onu aparıb yaxşı bax, pis rəftar etmə. Özü sənə nə desə, onu elə». |
13. | Keşikçilər rəisi Nevuzaradan, baş məmur Nevuşazban, baş məsləhətçi Nerqal-Sareser və Babil padşahının başqa əyanları adam göndərib |
14. | Yeremyanı mühafizəçilər həyətindən gətirdilər və evinə aparmaq üçün Şafan oğlu Axiqam oğlu Gedalyaya tapşırdılar. O da xalqın arasında yaşamağa başladı. |
15. | Mühafizəçilər həyətində məhbus ikən Yeremyaya Rəbbin bu sözü nazil olmuşdu: |
16. | «Get Kuşlu Eved-Melekə söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu şəhərin üzərinə yaxşılıq deyil, pislik gətirərək dediyim sözləri yerinə yetirəcəyəm. O gün bunlar sənin gözlərin önündə baş verəcək. |
17. | Ancaq o gün səni xilas edəcəyəm” Rəbb belə bəyan edir. “Qorxduğun adamlara təslim edilməyəcəksən. |
18. | Bəli, Mən səni xilas edəcəyəm, sən qılıncla həlak olmayacaqsan. Heç olmasa öz canını qurtaracaqsan, çünki sən Mənə güvəndin” Rəbb belə bəyan edir». |
← Jeremiah (39/52) → |