| ← Jeremiah (38/52) → |
| 1. | Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi: |
| 2. | «Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”. |
| 3. | Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”». |
| 4. | Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır». |
| 5. | Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz». |
| 6. | O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı. |
| 7. | Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu. |
| 8. | Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi: |
| 9. | «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı». |
| 10. | Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart». |
| 11. | Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar. |
| 12. | Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi. |
| 13. | Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı. |
| 14. | Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə». |
| 15. | Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan». |
| 16. | Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm». |
| 17. | Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan. |
| 18. | Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”». |
| 19. | Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər». |
| 20. | Yeremya dedi: «Verməzlər. Xahiş edirəm, sənə söyləyəcəyimə əməl edərək Rəbbin sözünə qulaq as. Onda xeyir taparsan, canın da amanda qalar. |
| 21. | Ancaq sən təslim olmaq istəmədiyin halda Rəbb mənə bunu göstərir: |
| 22. | Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək: “Güvəndiyin adamlar səni aldadıb Məğlubiyyətə düçar etdi. Ayaqların palçığa batanda Onlar səni qoyub qaçdı”. |
| 23. | Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq». |
| 24. | Sidqiya Yeremyaya dedi: «Bu söhbəti heç kəs bilməməlidir, yoxsa ölə bilərsən. |
| 25. | Əgər səninlə danışdığımı başçılar eşitsə, yanına gəlib “padşaha nə söylədin və padşah sənə nə dedi, bizə bildir, bizdən gizlətmə, yoxsa səni öldürərik” desə, |
| 26. | onlara “padşaha yalvardım ki, məni Yonatanın evinə qaytarmasın və orada ölməyim” söylə». |
| 27. | Bütün başçılar Yeremyanın yanına gəlib ondan söz soruşdu. O da padşahın əmr etdiyi kimi bütün bu sözləri onlara söylədi. Daha ona bir söz demədilər, çünki bu söhbəti heç kəs eşitməmişdi. |
| 28. | Yerusəlim alındığı zaman Yeremya orada idi və mühafizəçilər həyətində qalırdı. |
| ← Jeremiah (38/52) → |