| ← Jeremiah (37/52) → |
| 1. | Babil padşahı Navuxodonosorun Yəhudaya təyin etdiyi Yoşiya oğlu Sidqiya, Yehoyaqim oğlu Yehoyakinin yerinə padşah oldu. |
| 2. | Ancaq Yeremya peyğəmbər vasitəsilə Rəbbin söylədiyi sözlərə nə padşah Sidqiya, nə onun əyanları, nə də ölkə xalqı qulaq asdı. |
| 3. | Padşah Sidqiya Şelemya oğlu Yehukalı və Maaseya oğlu kahin Sefanyanı Yeremya peyğəmbərin yanına göndərdi ki, ona desinlər: «Bizim üçün Allahımız Rəbbə dua et». |
| 4. | O vaxt Yeremya xalqın arasında açıq gedib-gəlirdi, çünki onu hələ zindana atmamışdılar. |
| 5. | Bu zaman fironun qoşunları Misirdən çıxmışdı. Yerusəlimi mühasirəyə alan Xaldeylilər bu barədə xəbər eşidən kimi Yerusəlimdən çəkildi. |
| 6. | O vaxt Yeremya peyğəmbərə Rəbbin bu sözü nazil oldu: |
| 7. | «İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq. |
| 8. | Xaldeylilər yenə gəlib bu şəhərə hücum edəcək və onu ələ keçirib yandıracaq”. |
| 9. | Rəbb belə deyir: “Xaldeylilər mütləq geri çəkiləcək” deyib özünüzü aldatmayın, çünki onlar geri çəkilməyəcək. |
| 10. | Əgər sizə hücum edən bütün Xaldey ordusunu məğlub etsəniz və onların arasında yalnız yaralı adamlar qalsa belə, yenə hər biri öz çadırından qalxıb bu şəhəri yandıracaq». |
| 11. | Firon ordusunun üzündən Xaldey ordusu Yerusəlimdən çəkilən zaman |
| 12. | Yeremya Binyamin torpağına getmək üçün Yerusəlimdən yola düşdü. Oradakı xalq arasında öz irs payını almaq istəyirdi. |
| 13. | Binyamin darvazasına çatanda keşikçilərin başçısı Xananya oğlu Şelemya oğlu İriyanı orada gördü. İriya «sən Xaldeylilərin tərəfinə keçirsən» deyərək onu tutdu. |
| 14. | Yeremya «yalandır, mən Xaldeylilərin tərəfinə keçmirəm» dedi. Ancaq İriya Yeremyaya qulaq asmadı və onu tutub başçıların yanına gətirdi. |
| 15. | Başçılar Yeremyaya qəzəblənib onu döydülər. Sonra onu mirzə Yonatanın evinə – həbsxanaya saldılar, çünki o evi həbsxana etmişdilər. |
| 16. | Yeremya çəni olan zirzəmidə zindana salındı, uzun müddət orada qaldı. |
| 17. | O zaman padşah Sidqiya adam göndərib onu gətirtdi. Padşah öz sarayında gizlicə ondan soruşdu: «Rəbdən bir söz varmı?» Yeremya «var» deyə cavab verdi, «Babil padşahına təslim ediləcəksən». |
| 18. | Sonra Yeremya padşah Sidqiyaya dedi: «Sənə, əyanlarına və bu xalqa qarşı nə günah etdim ki, məni həbsxanaya saldınız? |
| 19. | “Babil padşahı sizə və bu ölkəyə hücum etməyəcək” deyə sizin üçün peyğəmbərlik edən peyğəmbərləriniz indi haradadır? |
| 20. | Ey ağam padşah, indi xahiş edirəm, qulaq as. Xahiş edirəm, bu yalvarışımı qəbul et və məni mirzə Yonatanın evinə qaytarma, qoy orada ölməyim». |
| 21. | Padşah Sidqiya əmr etdi və Yeremyanı keşikçilər həyətində saxladılar. Şəhərdə çörək ehtiyatı qurtarana qədər hər gün ona çörək bişirənlər küçəsindən gətirib bir parça çörək verirdilər. Beləcə Yeremya mühafizəçilər həyətində qaldı. |
| ← Jeremiah (37/52) → |