← Jeremiah (35/52) → |
1. | Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremyaya bu söz nazil oldu: |
2. | «Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver». |
3. | Bunun üçün Xavassinya oğlu Yeremya oğlu Yaazanyanı, onun qardaşlarını, bütün övladlarını və Rekav ailəsinin o biri üzvlərini yanıma alıb |
4. | Allah adamı İqdalya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşik çəkən Şallum oğlu Maaseyanın otağı üzərindəki başçılar otağının yanında idi. |
5. | Mən Rekav ailəsinin üzvlərinin qabağına şərab dolu camlar və kasalar qoyaraq «buyurun, şərab için» dedim. |
6. | Lakin onlar dedi: «Biz şərab içmirik. Çünki atamız Rekav oğlu Yehonadav bizə belə əmr etdi: “Siz və nəsliniz heç vaxt şərab içməyin! |
7. | Özünüz üçün ev tikməyin, toxum əkməyin, bağ salmayın. Bu şeyləri almayın, etməyin, ömrünüz boyu çadırlarda yaşayın. Belə etsəniz, köç etdiyiniz torpaqlarda uzun müddət yaşayarsınız”. |
8. | Atamız Rekav oğlu Yehonadavın bizə əmr etdiyi hər şeyə qulaq asdıq. Nə biz, nə arvadlarımız, nə də oğul-qızlarımız heç vaxt şərab içmədik. |
9. | İçində yaşamaq üçün evlər tikmədik, bağlar, tarlalar və əkinlər salmadıq. |
10. | Çadırlarda yaşadıq. Atamız Yehonadav nə əmr etdisə, hamısına qulaq asıb əməl etdik. |
11. | Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edən zaman “gəlin Xaldey və Aram ordusundan qaçmaq üçün Yerusəlimə gedək” dedik. Buna görə də Yerusəlimdə qalırıq». |
12. | Bundan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: |
13. | «İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir. |
14. | “Rekav oğlu Yehonadav öz nəslinə şərab içməmələrini əmr etdi, nəsli də onun əmrinə əməl etdi və bu günə qədər də şərab içmirlər. Çünki atalarının əmrinə qulaq asdılar. Mən isə sizinlə dəfələrlə danışdığım halda Mənə qulaq asmadınız. |
15. | Öz qullarım olan peyğəmbərləri dəfələrlə sizin yanınıza göndərdim. Onlar sizə dedi: ‹İndi hər biriniz öz pis yolunuzdan dönün, əməllərinizi islah edin, başqa allahların tərəfdarı olaraq onlara qulluq etməyin. Onda sizə və atalarınıza verdiyim ölkədə yaşayacaqsınız›. Amma Məni eşitməyib qulaq asmadınız. |
16. | Rekav oğlu Yehonadavın övladları atalarının əmr etdiyinə əməl etdi, amma bu xalq Mənə qulaq asmadı”. |
17. | Buna görə də İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Mən söylədiyim bütün fəlakətləri Yəhuda və Yerusəlimdə yaşayan hər kəsin başına gətirəcəyəm. Çünki onlara xəbərdarlıq etdim, qulaq asmadılar, onları çağırdım, cavab vermədilər”». |
18. | Yeremya Rekav nəslinə dedi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Siz atanız Yehonadavın əmrinə qulaq asdınız, onun bütün əmrlərinə əməl etdiniz, sizə əmr etdiyi hər şeyi yerinə yetirdiniz”. |
19. | Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Rekav oğlu Yehonadavın nəslindən Mənə xidmət edən bir adam heç vaxt əskik olmayacaq”». |
← Jeremiah (35/52) → |