← Jeremiah (30/52) → |
1. | Yeremyaya Rəbdən bu söz nazil oldu: |
2. | «İsrailin Allahı Rəbb belə deyir: “Sənə söylədiyim bütün sözləri bir kitaba yaz”. |
3. | Çünki Rəbb bəyan edir: “Xalqım İsraili və Yəhudanı sürgündən qaytaracağım günlər yaxınlaşır. Onları atalarına verdiyim torpağa qaytaracağam və oranı mülk edəcəklər”. Bu, Rəbbin sözüdür. |
4. | İsrail və Yəhuda üçün Rəbbin söylədiyi sözlər bunlardır. |
5. | Rəbb belə deyir: “Qorxu səsi eşitdik, Asayiş deyil, dəhşət səsi. |
6. | İndi soruşun, bilin ki, Kişi də uşaq doğarmı? Elə isə nə üçün doğan qadın kimi Hər kişinin əllərini belində görürəm? Nə üçün hamının bənizi solub? |
7. | Ah, bu nə dəhşətli gündür! Bir daha belə gün olmayacaq, Yaqub nəsli üçün sıxıntı dövrü olacaq, Ancaq yenə də bundan qurtulacaq”. |
8. | Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək. |
9. | Ancaq özlərinin Allahı Rəbbə, onlara təyin edəcəyim padşahları Davuda qulluq edəcəklər”. |
10. | Rəbb bəyan edir: “Qorxma, ey qulum Yaqub, Dəhşətə düşmə, ey İsrail. Çünki səni uzaq yerlərdən, Nəslini sürgün olunduğu ölkədən qurtaracağam. Yaqub nəsli yenə geri qayıdacaq, Rahatlıq tapıb qayğısız olacaq, Onu kimsə qorxutmayacaq. |
11. | Çünki Mən səninləyəm, Səni qurtaracağam” Rəbb belə bəyan edir. “Səni aralarına apardığım Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Səni ədalətlə tərbiyələndirəcəyəm, Amma cəzasız da qoymayacağam”. |
12. | Çünki Rəbb belə deyir: “Sənin yaran şəfa tapmaz, Xoran sağalmaz. |
13. | Məhkəmədə işinə baxan yoxdur, Xəstəliyinə dərman yoxdur, Sənin dərdinə əlac yoxdur. |
14. | Bütün müttəfiqlərin səni unutdu, Səni arayıb-axtarmırlar. Düşmən vuran kimi Mən səni vurdum. Rəhmsizcəsinə cəzalandırdım. Çünki təqsirkarlığın böyükdür, Günahların çoxdur. |
15. | Niyə yarandan ötrü qışqırırsan? Dərdin şəfa tapmaz. Bu işləri ona görə sənə etdim ki, Təqsirkarlığın böyükdür, Günahların çoxdur. |
16. | Ancaq səni yeyənlərin də hamısı yem olacaq. Bütün düşmənlərin sürgünə gedəcək. Səni soyanlar soyulacaq, Səni qarət edənlər qarət olunacaq”. |
17. | Rəbb bəyan edir: “Mən səni yenə sağaldacağam, Yaralarına şəfa verəcəyəm. Çünki deyirlər ki, Sion rədd edilib, Onu axtaran yoxdur”. |
18. | Rəbb belə deyir: “Mən Yaqubun çadırlarını Sürgündən geri qaytaracağam. Onun məskənlərinə rəhm edəcəyəm. Şəhər yenidən viranələri üzərində tikiləcək, Saray öz yerində bərpa olunacaq. |
19. | Onların arasından Şükür və şənlik səsləri eşidiləcək. Mən onları çoxaldacağam, azalmayacaqlar, İzzətləndirəcəyəm, alçalmayacaqlar. |
20. | Övladları əvvəlki kimi olacaq, İcması önümdə möhkəm duracaq. Onları sıxışdıranların hamısını cəzalandıracağam. |
21. | Rəhbərləri özlərindən olacaq, Başçıları aralarından çıxacaq. Onu özümə yaxınlaşdıracağam, O da Mənə yaxınlaşacaq. Başqa cür kim Mənə özü yaxınlaşmağa Cürət edə bilər?” Rəbb belə bəyan edir. |
22. | “Beləcə siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam”». |
23. | Budur, Rəbbin fırtınası qəzəblə qopacaq, Şiddətli qasırğası Pis adamların başında çatlayacaq. |
24. | Rəbb Öz ürəyinin istədiyini Tamamilə edənə qədər Qızğın qəzəbini söndürməyəcək. Siz gələcəkdə bunu anlayacaqsınız. |
← Jeremiah (30/52) → |