← Jeremiah (3/52) → |
1. | Əgər bir adam öz arvadını boşasa, Arvad da onu tərk edib başqasına ərə getsə, O adam bir də arvadının yanına qayıdarmı? Belə etsə, ölkə də tamamilə murdar olmazmı? Sənsə çoxlu oynaşla zina etdin, yenə də Mənə tərəf dönürsən?» Rəbb belə bəyan edir. |
2. | «Başını çılpaq təpələrə tərəf qaldırıb bax. Sevişmədiyin yer varmı? Səhrada yaşayan bədəvi kimi Yol kənarında oturdun və oynaşlarını gözlədin. Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin. |
3. | Buna görə də yağışların ardı kəsildi və yaz yağışı yağmadı. Tərs sifətli fahişəyə oxşadın, utanmaq istəmədin. |
4. | İndi Məni “Atam, cavanlığımdan bəri mənim dostumsan. |
5. | Sən həmişə qəzəbli olacaqsan, Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan. Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən». |
6. | Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi. |
7. | İsrail bütün bunları edəndən sonra “o Mənə tərəf qayıdacaq” dedim, ancaq o qayıtmadı. Xəyanətkar bacısı Yəhuda da bunu gördü. |
8. | Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi. |
9. | Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi. |
10. | Bütün bunlara baxmayaraq onun xəyanətkar bacısı Yəhuda Mənə bütün qəlbi ilə deyil, hiylə ilə üz tutdu» Rəbb belə bəyan edir. |
11. | Rəbb mənə dedi: «Dönük İsrail xain Yəhuda ilə müqayisədə daha saleh oldu. |
12. | Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram. |
13. | Ancaq sən öz təqsirini boynuna al ki, Allahın Rəbbə qarşı üsyan etdin, hər kölgəli ağacın altında yad allahlara könül verdin və Mənim sözümə qulaq asmadınız” Rəbb belə bəyan edir. |
14. | “Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm. |
15. | Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər. |
16. | Sizin törəyib çoxaldığınız günlərdə daha Rəbbin Əhd sandığından danışmayacaqlar” Rəbb belə bəyan edir. “O sandıq bir daha kimsənin ağlına gəlməyəcək, yada salınmayacaq, onun üçün heyfsilənməyəcəklər, yenisi də düzəldilməyəcək. |
17. | O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər. |
18. | O günlərdə Yəhuda nəsli İsrail nəsli ilə birləşib şimal ölkəsindən atalarınıza irs olaraq verdiyim torpağa birgə gələcək”. |
19. | Mən dedim: “Necə də istərdim, səni oğullarımın arasına qoyum, Sənə füsunkar torpağı – millətlər arasında ən gözəl irsi verim! Güman etdim ki, Məni ‹Ata› deyə çağıracaqsınız, Məndən üz döndərməyəcəksiniz. |
20. | Bir arvad öz ərinə xəyanət edirsə, Siz də Mənimlə eləcə xəyanətlə rəftar etdiniz, ey İsrail nəsli!” Rəbb belə bəyan edir. |
21. | “Çılpaq təpələr üzərində bir səs – İsrail övladlarının Ağlaşma və yalvarışları eşidilir, Çünki onlar yollarını azdı, Özlərinin Allahı Rəbbi unutdu. |
22. | Geri qayıdın, ey dönük övladlar, Dönüklüyünüzə şəfa verim”. Onlar da deyəcək: “Budur, biz Sənə tərəf gəlirik, Çünki Allahımız Rəbb Sənsən. |
23. | Doğrudan da, təpələrdən, dağlardan gələn Hay-küy yalandır. Əslində İsrailin xilası Allahımız Rəbdədir. |
24. | Cavanlığımızdan bəri Rüsvayçı bütlər Atalarımızın zəhmətini, Sürülərini və mal-qaralarını, Oğullarını və qızlarını tələf etdi. |
25. | Biz xəcalətimiz içində yatırıq, Rüsvayçılıq bizim yorğanımızdır, Çünki cavanlığımızdan indiyədək Biz və atalarımız Allahımız Rəbbə qarşı günah etdik, Allahımız Rəbbin sözünə qulaq asmadıq”». |
← Jeremiah (3/52) → |