← Jeremiah (28/52) → |
1. | Həmin il Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində – dördüncü ilinin beşinci ayında Giveonlu Azzur oğlu Xananya peyğəmbər Rəbbin məbədində, kahinlərin və bütün xalqın önündə mənə söylədi: |
2. | «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Babil padşahının boyunduruğunu qırdım. |
3. | Əvvəl Rəbbin məbədində olan, Babil padşahı Navuxodonosorun buradan götürüb Babilə apardığı bütün əşyaları iki il ərzində bu yerə qaytaracağam. |
4. | Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”». |
5. | O zaman Yeremya peyğəmbər kahinlərin və Rəbbin məbədində dayanan bütün xalqın önündə Xananya peyğəmbərə cavab verib |
6. | söylədi: «Amin! Qoy Rəbb belə etsin! Qoy Rəbb Öz evinin əşyalarını, sürgün olunmuş bütün adamları Babildən buraya qaytararaq söylədiyin peyğəmbərlik sözlərini yerinə yetirsin! |
7. | Ancaq indi sən və bütün xalq eşidərkən deyəcəyim bu sözə qulaq as: |
8. | qədim zamanlardan bəri məndən və səndən əvvəl yaşayan peyğəmbərlər bir çox ölkələrin və böyük padşahlıqların əleyhinə müharibə, fəlakət və vəba olacağını qabaqcadan söylədi. |
9. | Əgər salamatlıq olacağını söyləyən peyğəmbərin sözü doğru çıxarsa, həqiqətən, onun Rəbbin göndərdiyi peyğəmbər olduğu bilinər». |
10. | O zaman Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdı. |
11. | Xananya bütün xalqın önündə söylədi: «Rəbb belə deyir: “İki il ərzində Babil padşahı Navuxodonosorun boyunduruğunu bütün millətlərin boynundan götürüb beləcə qıracağam”». Yeremya isə öz yoluna davam etdi. |
12. | Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdıqdan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: |
13. | «Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”. |
14. | Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bütün bu millətlərin boynuna dəmir boyunduruq taxdım ki, Babil padşahı Navuxodonosora qulluq etsinlər və onlar ona xidmət edəcək. Vəhşi heyvanları da onun ixtiyarına verdim”». |
15. | Yeremya peyğəmbər Xananya peyğəmbərə dedi: «İndi eşit, ey Xananya, axı səni Rəbb göndərməyib. Sən bu xalqı yalana inandırdın. |
16. | Buna görə də Rəbb belə deyir: “Bax Mən səni yer üzündən yox edəcəyəm. Bu il öləcəksən, çünki xalqı Rəbbə qarşı üsyana təhrik etdin”». |
17. | Xananya peyğəmbər həmin ilin yeddinci ayında öldü. |
← Jeremiah (28/52) → |