← Jeremiah (27/52) → |
1. | Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının əvvəlində Rəbdən Yeremyaya bu söz nazil oldu: |
2. | «Rəbb mənə belə dedi: “Özünə qayışlarla bağlanan taxta bir boyunduruq düzəlt və boynuna tax. |
3. | Sonra Yerusəlimə, Yəhuda padşahı Sidqiyanın yanına gələn qasidlər vasitəsilə Edomun, Moavın, Ammon övladlarının, Surun və Sidonun padşahlarına xəbər göndər”. |
4. | Ağalarına söyləmək üçün onlara bildir ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Ağalarınıza söyləyin ki, |
5. | dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm. |
6. | Bəli, bütün bu ölkələri Babil padşahı qulum Navuxodonosorun ixtiyarına verirəm. Hətta vəhşi heyvanları da xidmət etmək üçün ona verirəm. |
7. | Ölkəsinin axırı çatana qədər bütün millətlər ona, oğluna və nəvəsinə qulluq edəcək. Sonra isə bir çox millətlər və böyük padşahlar onu özlərinə qul edəcək. |
8. | Hansı millət və ölkə Babil padşahı Navuxodonosora qulluq etməsə, onun boyunduruğuna girməsə, həmin milləti onun əli ilə qırıb-çatana qədər qılınc, aclıq və vəba ilə cəzalandıracağam” Rəbb bəyan edir. |
9. | “Siz isə öz peyğəmbərlərinizə, falçılarınıza, yuxugörənlərinizə, gələcəyideyənlərinizə və cadugərlərinizə qulaq asmayın. Onlar sizə ‹Babil padşahına qulluq etməyəcəksiniz› söyləyir. |
10. | Onlar sizə yalandan peyğəmbərlik edir. Bunun nəticəsində öz ölkənizdən qovulacaqsınız. Sizi sürgün edəcəyəm və məhv olacaqsınız. |
11. | Ancaq Babil padşahının boyunduruğuna girən və ona qulluq edən milləti öz torpağında saxlayacağam. Torpağı əkib orada yaşayacaqlar” Rəbb belə bəyan edir». |
12. | Mən bütün bu sözləri Yəhuda padşahı Sidqiyaya bildirib dedim: «Babil padşahının boyunduruğuna girin, özünə və xalqına qulluq edin ki, sağ qalasınız. |
13. | Babil padşahına qulluq etmək istəməyən hər millət Rəbbin dediyi kimi məhv olacaq. Sən və xalqın qılınc, aclıq və vəbadan nə üçün öləsiniz? |
14. | Sizə “Babil padşahına qulluq etməyəcəksiniz” deyən peyğəmbərlərə qulaq asmayın, çünki onlar sizə yalandan peyğəmbərlik edir. |
15. | Rəbb bəyan edir: “Onları Mən göndərmədim, onlar Mənim adımla yalandan peyğəmbərlik edir. Bunun nəticəsində Mən sizi sürgün edəcəyəm, siz də, sizə peyğəmbərlik edən peyğəmbərlər də həlak olacaqsınız”». |
16. | Mən kahinlərə və bütün bu xalqa söylədim: «Rəbb belə deyir: “‹Rəbbin məbədindən götürülən əşyalar tezliklə Babildən geri qaytarılacaq› deyib sizə peyğəmbərlik edən peyğəmbərlərinizin sözlərinə qulaq asmayın. Çünki sizə yalandan peyğəmbərlik edirlər. |
17. | Onlara qulaq asmayın, Babil padşahına qulluq edin ki, sağ qalasınız. Bu şəhər niyə viran olsun? |
18. | Əgər onlar peyğəmbərdirsə, Rəbbin sözünü söyləyirlərsə, qoy indi Ordular Rəbbinə yalvarsınlar ki, Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar Babilə aparılmasın”. |
19. | Sütunlar, hovuz, ayaqlıqlar və bu şəhərdə qalan başqa əşyalar barədə Ordular Rəbbi belə deyir. |
20. | Bəli, Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Yəhuda ilə Yerusəlimin bütün əyanlarını Yerusəlimdən Babilə sürgün etdiyi zaman Babil padşahı Navuxodonosorun aparmadığı, |
21. | Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar barədə İsrailin Allahı Ordular Rəbbi belə deyir: |
22. | “Onlar Babilə aparılacaq və Babillilərin işinə baxacağım günə qədər orada qalacaq. O zaman onları oradan çıxaracağam və bu yerə qaytaracağam” Rəbb belə bəyan edir». |
← Jeremiah (27/52) → |