| ← Jeremiah (22/52) → |
| 1. | Rəbb belə dedi: «Yəhuda padşahının sarayına get, orada bu sözü bildirib söylə ki, |
| 2. | ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin. |
| 3. | Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin. |
| 4. | Əgər siz bu əmrə, həqiqətən, əməl etsəniz, o zaman Davudun taxtında oturan padşahlar döyüş arabalarına və atlara minib əyanları və xalqları ilə birgə bu sarayın darvazalarından girəcək. |
| 5. | Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir. |
| 6. | Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir: “Sən Mənim üçün Gilead, Livanın zirvəsi kimisən. Ancaq Mən hökmən səni bir çölə, Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm. |
| 7. | Sənə qarşı həlak edənlər təyin edəcəyəm, Hamısının əlində silah olacaq. Sənin ən yaxşı sidr ağaclarını kəsəcəklər, Onları oda atacaqlar. |
| 8. | Bir çox millətlər bu şəhərin yanından keçib bir-birlərindən soruşacaq: ‹Bu böyük şəhəri Rəbb niyə belə xaraba qoydu?› |
| 9. | Onda deyəcəklər: ‹Çünki özlərinin Allahı Rəbbin əhdini tərk etdilər, başqa allahlara səcdə və qulluq etdilər›”». |
| 10. | Ölən padşah üçün ağlamayın, Yas tutmayın. Ancaq sürgünə gedən üçün acı-acı ağlayın, Çünki daha qayıtmayacaq, Doğma vətənini görməyəcək. |
| 11. | Bəli, atası Yoşiyanın yerinə Yəhuda padşahı olan və buradan çıxıb gedən Yoşiya oğlu Şallum barədə Rəbb deyir: «O daha bura qayıtmayacaq, |
| 12. | sürgün olunduğu yerdə öləcək və artıq bu ölkəni görməyəcək. |
| 13. | Vay o adamın halına ki, Sarayını haqsızlıqla, Yuxarı otaqlarını ədalətsizliklə tikir, Öz soydaşını müftə işlədir, Ona muzdunu vermir. |
| 14. | Vay o adamın halına ki, “Özümə geniş yuxarı otaqları olan Böyük bir saray tikdirəcəyəm” deyib Oraya pəncərələr açır, Ətrafını sidr ağacı ilə örtür. Qırmızı rənglə boyayır. |
| 15. | Çoxlu sidr ağacın olduğu üçünmü Özünü padşah sanırsan? Atan da doyunca yeyib-içirdi, Ədalət və salehliklə rəftar edirdi. Ona görə də işləri uğurlu oldu. |
| 16. | Məhkəmədə məzlum, yoxsul adamın işinə baxırdı, Ona görə də işləri uğurlu oldu». Rəbb bəyan edir: «Məni tanımaq Elə bu deyilmi? |
| 17. | Ancaq sənin gözlərin və ürəyin Öz haram qazancında, Tökmək istədiyin günahsız qanda, Etmək istədiyin qəddarlıqda, Zorakılıqda qalıb». |
| 18. | Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir: «Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar, “Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar. |
| 19. | Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar, Eşşək basdırılan kimi basdırılacaq». |
| 20. | «Livana qalxıb fəryad et, Başanda səsini ucalt, Avarimdən nalə çək, Çünki bütün müttəfiqlərin əzildi. |
| 21. | Hər şeyin əmin-amanlıqda olanda Sənə nəsihət etdim, Ancaq “qulaq asmayacağam” dedin. Uşaqlığından xasiyyətin belədir, Sözümə qulaq asan deyilsən. |
| 22. | Külək bütün başçılarını alıb-aparacaq, Müttəfiqlərin sürgünə gedəcək. O zaman etdiyin bütün pisliklərdən ötrü Utanıb rüsvay olacaqsan. |
| 23. | Ey sən “Livanda” yaşayan, Yuvasını sidr ağacından quran! Sənə hamilə qadın kimi Ağrılar, sancılar gələndə Necə ah-zar edəcəksən!» |
| 24. | Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım. |
| 25. | Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm. |
| 26. | Özünü, səni doğan ananı doğulmadığınız yad bir ölkəyə atacağam və orada öləcəksiniz. |
| 27. | Qayıtmağa can atdığınız ölkəyə bir daha qayıtmayacaqsınız». |
| 28. | Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı? |
| 29. | Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə! |
| 30. | Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək». |
| ← Jeremiah (22/52) → |