← Jeremiah (21/52) → |
1. | Padşah Sidqiya Malkiya oğlu Paşxuru və Maaseya oğlu Sefanyanı Yeremyanın yanına göndərəndə Rəbdən Yeremyaya söz nazil oldu. Paşxur ilə Sefanya belə demişdi: |
2. | «Gəl bizim barəmizdə Rəbdən soruş. Çünki Babil padşahı Navuxodonosor bizə qarşı müharibə edir. Bəlkə Rəbb keçmişdə etdiyi möcüzələrə bənzər bir şey edər və Navuxodonosor bizdən əl çəkər?» |
3. | O zaman Yeremya onlara dedi: «Sidqiyaya söyləyin ki, |
4. | İsrailin Allahı Rəbb belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan Babil padşahı və Xaldeylilərlə müharibədə istifadə etdiyiniz silahları özünüzə qarşı çevirəcəyəm. Silahlarınızı bu şəhərin ortasına toplayacağam. |
5. | Mən sizə qarşı əl qaldıracağam, güclü qolumla, qızğınlıq, qəzəb və böyük hiddətlə sizinlə vuruşacağam. |
6. | Bu şəhərdə yaşayan insanı da, heyvanı da məhv edəcəyəm. Onlar şiddətli vəbadan öləcək”. |
7. | Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”. |
8. | Bu xalqa söylə ki, Rəbb belə deyir: “Budur, həyat yolunu və ölüm yolunu önünüzə qoyuram. |
9. | Bu şəhərdə qalan qılınc, aclıq və vəbadan öləcək. Lakin kim bayıra çıxıb sizi mühasirəyə alan Xaldeylilərə təslim olsa, sağ qalacaq, heç olmasa öz canını qurtaracaq. |
10. | Ona görə ki bu şəhərə yaxşılıq deyil, pislik etməyə niyyət etdim” Rəbb belə bəyan edir. “Bura Babil padşahına təslim ediləcək, o da buranı yandırıb yox edəcək”. |
11. | Yəhuda padşahının ailəsinə söylə ki, Rəbbin sözünü eşidin. |
12. | Ey Davud nəsli, Rəbb belə deyir: “Hər səhər ədalətlə rəftar edin, Məzlumu zalımın əlindən qurtarın. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi çıxıb yandıracaq, Onu söndürən olmayacaq”. |
13. | Rəbb bəyan edir: “Mən sənə qarşıyam, Ey vadinin üstündəki Yaylada olan qayada oturan Yerusəlim!” Siz deyirsiniz: “Üstümüzə kim gələr? Məskənlərimizə kim girər?” |
14. | Rəbb bəyan edir: “Mən sizi əməllərinizin Bəhrəsinə görə cəzalandıracağam. Meşələrinə elə od vuracağam ki, Ətrafındakı hər şeyi yandırıb-yaxacaq”». |
← Jeremiah (21/52) → |