| ← Jeremiah (2/52) → |
| 1. | Mənə Rəbbin sözü nazil oldu: «Get Yerusəlimə ucadan elan et ki, |
| 2. | Rəbb belə deyir: “Mən sənin cavanlığındakı mehrini, Gəlin olanda məhəbbətini, Səhrada, ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım. |
| 3. | Onda İsrail Rəbbə həsr olunmuşdu Və Onun məhsulunun nübarı idi. Onu udmaq istəyənlərin hamısı mühakimə olunur, Üstlərinə bəla gəlirdi” Rəbb belə bəyan edir. |
| 4. | Ey Yaqub nəsli, ey İsrail nəslinin bütün tayfaları, Rəbbin sözünü eşidin, |
| 5. | Rəbb belə deyir: “Atalarınız Məndə nə haqsızlıq tapdılar ki, Məndən uzaqlaşdılar və puç bütlər ardınca getdilər, Özləri də puç adam oldular. |
| 6. | Daha demədilər ki, Misir torpağından bizi çıxaran, Səhrada, uçurumlarla dolu boz çöllərdə, Ölüm kölgəsində qalan quraq torpaqda, Bir insanın keçmədiyi, heç kəsin yaşamadığı Diyarda gəzdirən Rəbb haradadır? |
| 7. | Mən sizi bərəkətli torpağa gətirdim ki, Onun meyvələrindən və nemətlərindən dadasınız. Ancaq siz oraya girən kimi torpağımı murdar etdiniz, Mülkümü iyrənc bir yerə çevirdiniz. |
| 8. | Kahinlər ‹Rəbbi axtaraq› demədilər, Qanun müəllimləri Məni tanımadılar, Rəhbərlər Mənə qarşı üsyan etdilər, Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər, Faydasız şeylərin dalınca getdilər”. |
| 9. | Buna görə Rəbb belə bəyan edir: “Mən yenə sizinlə çəkişəcəyəm, Mən övladlarınızın övladları ilə də çəkişəcəyəm. |
| 10. | Siz Kittim adalarına gedib görün, Qedara adam göndərib öyrənin. Görün belə bir şey oldumu? |
| 11. | Bir millət allahlarını dəyişdirdimi? Əslində onlar allah deyil. Ancaq Mənim xalqım öz Calalını faydasız bütlərə dəyişdi. |
| 12. | Ey göylər, siz buna heyrət edib tir-tir əsin və dəhşətə gəlin” Rəbb belə bəyan edir. |
| 13. | “Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər. |
| 14. | Məgər İsrail quldur? Yoxsa o, kölə doğulmuşdu? Bəs nə üçün qarət malı oldu? |
| 15. | Onun üstünə cavan aslanlar nərildədi və səslərini ucaltdılar. Ölkəsini viran etdilər. Şəhərləri yandı, bir nəfər sakin qalmadı. |
| 16. | Nof və Taxpanxes sakinləri sənin başını yardı. |
| 17. | Səni yolla aparan Allahın Rəbbi tərk etməklə Bu işi öz başına gətirmədinmi? |
| 18. | Bəs Şixor suyundan içmək üçün Misirə niyə gedirsən? Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən? |
| 19. | Səni öz pisliyin cəzalandıracaq, Dönüklüyün töhmətini alacaqsan. Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, Məndən qorxmamağın pis və acı şeydir” Ordular Rəbbi Xudavənd belə bəyan edir. |
| 20. | “Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın Və ‹sənə qulluq etməyəcəyəm› dedin. Üstəlik hər uca təpənin üstündə, Hər kölgəli ağacın altında yerə sərilib Bütlərə səcdə edərək Mənə xəyanət etdin. |
| 21. | Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun? |
| 22. | İndi isə sən gilabı ilə yuyunsan, çoxlu sabun əritsən də, yenə günahın önümdə ləkə kimi qalacaq” Xudavənd Rəbb belə bəyan edir. |
| 23. | “Axı necə deyə bilərsən ki, murdar olmadım, Baal bütlərinin ardınca getmədim? Dərədə necə rəftar etdiyinə bax, nə etdiyini gör. Sən qızışan, ora-bura qaçan dişi dəvə kimi, |
| 24. | Şəhvətlə havanı iyləyən, səhraya öyrəşmiş vəhşi eşşək kimisən. Qızanda onu kim saxlaya bilər? Onu istəyənlər özlərini yormaz, cütləşmə vaxtı onu tapar. |
| 25. | Ayaqyalın gəzmə, boğazın susuzluqdan qurumasın. Ancaq sən dedin: ‹Xeyr, olmaz! Çünki mən yad allahları sevdim və onların ardınca gedəcəyəm›. |
| 26. | Oğru tutulanda necə utanırsa, İsrail nəsli də padşahları, başçıları, kahinləri Və peyğəmbərləri ilə birgə eləcə utanırlar. |
| 27. | Onlar ağaca ‹atamsan›, daşa ‹bizi sən doğdun› deyir. Çünki Mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər. Ancaq üstlərinə bəla gələndə ‹qalxıb bizi qurtar› deyirlər. |
| 28. | Bəs özün üçün düzəltdiyin bütlərin haradadır? Başına bəla gəldiyi vaxt səni qurtara bilərlərsə, gəlsinlər. Sənin allahların şəhərlərinin sayı qədərdir, ey Yəhuda! |
| 29. | Nə üçün Mənimlə çəkişirsiniz? Hamınız Mənə qarşı üsyan etdiniz” Rəbb belə bəyan edir. |
| 30. | “Övladlarınızı nahaq yerə cəzalandırdım, Çünki onlar ibrət götürmədilər. Öz qılıncınız qırıb-çatan aslan kimi Peyğəmbərlərinizi tələf etdi”. |
| 31. | Ey bu nəslin övladları, Rəbbin sözünə diqqət edin: “Məgər Mən İsrail üçün bir səhra oldum? Yaxud bir zülmət ölkəsi oldum? Xalqım nə üçün deyir ki, biz öz-özümüzə ağayıq, Bir daha Sənə tərəf gəlmərik? |
| 32. | Qız öz bəzəklərini, gəlin öz cehizini unuda bilərmi? Ancaq xalqım uzun müddət məni unutdu. |
| 33. | Oynaşlarının dalına düşməkdə nə qədər mahirsən. Ən pis arvadlar belə, səndən dərs ala bilər. |
| 34. | Sənin ətəklərin öldürdüyün Məzlum, günahsız adamların qanına bulaşıb, Halbuki onları oğurluq üstündə tutmadın. Hələ bununla belə, |
| 35. | Sən deyirsən: ‹Mən təqsirsizəm, Rəbbin qəzəbi hökmən məndən yan keçəcək›. Bax Mən səni mühakimə edəcəyəm, Çünki günah etmədiyini söyləyirsən. |
| 36. | Nə üçün tez-tez dolanıb dönüklük edirsən? Aşşurda pərt olduğun kimi Misirdə də pərt olacaqsan. |
| 37. | Oradan da əllərinlə başını tutub çıxacaqsan, Çünki bel bağladıqlarını Rəbb rədd etdi, Onlarla uğur qazana bilməyəcəksən”. |
| ← Jeremiah (2/52) → |