← Jeremiah (19/52) → |
1. | Rəbb belə dedi: «Get, dulusçunun düzəltdiyi bir gil kuzə al. Sonra isə xalqın və kahinlərin ağsaqqallarından bir neçəsini götür, |
2. | Xarsit darvazasının girişində olan Ben-Hinnom dərəsinə get. Sənə deyəcəyim sözləri orada elan edib söylə ki, |
3. | ey Yəhuda padşahları, Yerusəlimdə yaşayanlar, Rəbbin sözünü eşidin, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən bu yerin üzərinə elə bir bəla gətirəcəyəm ki, hər eşidənin qulağı cingildəyəcək. |
4. | Çünki onlar Məndən üz döndərdi, buranı yad bir ölkəyə çevirdi. Orada özlərinin, atalarının və Yəhuda padşahlarının tanımadıqları başqa allahlara buxur yandırdılar və bu yeri günahsız qanla doldurdular. |
5. | Öz uşaqlarını odda Baal bütlərinə yandırma qurbanı vermək üçün Baal səcdəgahlarını qurdular. Mən belə bir şeyi nə buyurdum, nə söylədim, nə də ağlıma gətirdim”». |
6. | Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, daha bu yerə Tofet yaxud Ben-Hinnom dərəsi deyil, Qırğın dərəsi deyiləcək. |
7. | Bu yerdə Yəhuda ilə Yerusəlimin niyyətlərini boşa çıxaracağam. Onları düşmənlərinin önündə canlarını almaq istəyənlərin əli ilə qılıncla həlak edəcəyəm. Cəsədlərini göydəki quşlara və yerdəki heyvanlara yem olaraq verəcəyəm. |
8. | Bu şəhəri viran edəcəyəm, rişxənd hədəfinə çevirəcəyəm. Oradan keçən hər kəs onun başına gələn bəlaları görüb heyrət içində fit çalacaq. |
9. | Oğullarının və qızlarının ətini özlərinə yedirdəcəyəm. Canlarını almaq istəyən düşmənləri onları mühasirəyə alanda çəkdikləri sıxıntıdan ötrü bir-birlərinin ətini yeyəcəklər». |
10. | Sonra səninlə gedən adamların gözü önündə kuzəni sındırıb |
11. | onlara söylə ki, Ordular Rəbbi belə deyir: «Necə ki dulusçunun əlində qab sınanda bir də düzəlmir, Mən də bu xalqı və şəhəri beləcə məhv edəcəyəm. Basdırmağa yer qalmadığı üçün ölüləri Tofetdə də basdıracaqlar. |
12. | Bu yer və sakinləri ilə belə rəftar edəcəyəm, bu şəhəri Tofet kimi edəcəyəm» Rəbb belə bəyan edir. |
13. | «Yerusəlimin evləri və Yəhuda padşahlarının sarayları Tofetin ərazisi kimi murdar olacaq, çünki bütün evlərin damları üzərində səma cisimlərinə buxur yandırdılar, yad allahlara içmə təqdimləri gətirdilər». |
14. | Peyğəmbərlik etmək üçün Rəbbin Tofetə göndərdiyi Yeremya oradan qayıtdı. O, Rəbbin məbədinin həyətində dayanıb bütün xalqa dedi: |
15. | «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu şəhər barədə söylədiyim bütün fəlakətləri onun və ətrafında olan kəndlərin üzərinə gətirəcəyəm, çünki inadkarlıq edərək sözlərimə qulaq asmırlar”». |
← Jeremiah (19/52) → |