← Jeremiah (18/52) → |
1. | Rəbdən Yeremyaya bu söz nazil oldu: |
2. | «Qalx dulusçunun evinə en, orada sözlərimi sənə bildirəcəyəm». |
3. | Mən dulusçunun evinə endim. Gördüm ki, o, çarx üzərində işləyir. |
4. | Palçıqdan düzəltdiyi qab əlində xarab olanda dulusçu özünün istədiyi kimi palçıqdan başqa bir qab düzəldirdi. |
5. | Mənə yenə Rəbbin sözü nazil oldu: |
6. | «Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli. |
7. | Bir vaxt Mən bir milləti yaxud ölkəni kökündən dağıdacağımı, yıxıb məhv edəcəyimi söyləyəndə |
8. | əgər Mənim xəbərdarlıq etdiyim bu millət öz pis əməlindən dönərsə, ona göndərmək istədiyim bəladan vaz keçəcəyəm. |
9. | Başqa vaxt bir milləti yaxud da ölkəni qurub-tikəcəyimi söyləyəndə |
10. | əgər bu millət sözümə qulaq asmayıb pis əməl edərsə, ona vəd verdiyim yaxşılıqdan vaz keçəcəyəm. |
11. | İndi Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara söylə ki, Rəbb belə deyir: “Mən sizə bir bəla hazırlayıram, sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”. |
12. | Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”». |
13. | Buna görə Rəbb belə deyir: «İndi millətlər arasında soruşun ki, Kim belə sözlər eşitmişdir? Bakirə qıza bənzəyən İsrail Dəhşətli bir iş etdi. |
14. | Livanın qarı qayalı dağ yamaclarından Heç əskik olarmı? Uzaqdan axan soyuq sular quruyarmı? |
15. | Amma xalqım Məni unutdu, Saxta allahlara buxur yandırdı. Bu allahlar onların gedəcəyi yollarda, Qədim yollarda büdrəmələrinə səbəb oldu, Onları hamar olmayan Dolanbac yollarda gəzdirdilər. |
16. | Ölkələri viran ediləcək, Əbədi kinayə hədəfinə çevriləcək. Onda oradan ötən hər kəs Heyrətə gəlib başını bulayacaq. |
17. | Onları səmum küləyi kimi Düşmən önündə pərən-pərən salacağam. Onlara fəlakət günündə Üzümü deyil, arxamı göstərəcəyəm». |
18. | O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq». |
19. | Ya Rəbb, mənə yaxşı qulaq as, Mənimlə çəkişənlərin sözünü eşit. |
20. | Yaxşılığın əvəzində pislik edilərmi? Onlar canımı almaq üçün quyu qazır. Unutma, mən önündə ona görə dayanmışam ki, Onlar üçün yaxşı şey istəyim, Onlardan qəzəbini döndərim. |
21. | Buna görə də onların övladlarını Aclığa ver, qılınc ağzına təslim et. Qadınları uşaqsız və dul qalsın, Ərlərini ölüm aparsın. Cavanlarını müharibədə qılınc öldürsün. |
22. | Sən onların üzərinə Qəflətən qarətçilər göndərəndə Qoy evlərindən fəryad eşidilsin. Çünki məni tutmaq üçün quyu qazdılar, Ayağımın altında gizlincə tələ qurdular. |
23. | Ancaq, ya Rəbb, məni öldürmək üçün Qurduqları bütün qəsdləri Sən bilirsən. Təqsirlərini bağışlama, Günahlarını önündən silmə. Sənin önündə yıxılsınlar, Qəzəbin vaxtı onlara qarşı hərəkət et. |
← Jeremiah (18/52) → |