← Jeremiah (17/52) → |
1. | Yəhudanın günahı dəmir qələmlə yazıldı, Ürəklərinin lövhələri və qurbangahlarının buynuzları üzərinə Almaz uclu alətlə həkk edildi. |
2. | Onlar kölgəli ağacların yanında, Yüksək təpələrdə, çöldəki dağlarda Qurbangahlarına və Aşera bütlərinə Öz uşaqlarına göstərdikləri qədər maraq göstərir. |
3. | Sənin mal-dövlətini, Bütün xəzinələrini, səcdəgahlarını Ölkənin hər tərəfində işlənən günahlardan ötrü Qarətə təslim edəcəyəm. |
4. | Sənə verdiyim irsi Öz qəbahətinlə yox edəcəksən. Tanımadığın ölkədə səni Düşmənlərinə qul edəcəyəm. Çünki siz Mənim qəzəbimdən Od alışdırdınız, O əbədi yanacaq». |
5. | Rəbb belə deyir: «O adam lənətlidir ki, İnsana güvənir, Bəşərin gücünə arxalanır, Ürəyi Rəbdən ayrılır. |
6. | O, çöldəki yulğun ağacı kimi olacaq, Xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə Heç kəs yaşamayan şoranlıqda sakin olacaq. |
7. | Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. |
8. | O, sular kənarında Əkilmiş ağac kimi olacaq. Elə ağac ki çay kənarında kök salar, İsti gələndə qorxmaz, Yarpağı həmişə yaşıl qalar, Quraqlıq olan il qayğı çəkməz, Bəhər verməkdən qalmaz». |
9. | İnsan ürəyi hər şeydən hiyləgərdir, Çarəsi yoxdur. Onu kim başa düşə bilər? |
10. | «Mən Rəbb ürəyi yoxlayıram, İnsanın fikrini sınayıram ki, Hər kəsə əməllərinə görə, İşlərinin bəhrəsinə görə əvəz verim». |
11. | Haqsızlıqla var-dövlət toplayan adam Özünün yumurtlamadığı yumurtaların üstünə Oturan kəklik kimidir. Ömrünün ortasında var-dövləti əldən gedəcək, Axırda o adam axmaq çıxacaq. |
12. | Müqəddəs məkanımızdakı yer Əvvəlcədən ucaldılmış izzət taxtıdır. |
13. | Ya Rəbb, İsrailin Ümidgahı, Səni tərk edənlərin hamısı utanacaq. Rəbb deyir: «Məndən üz döndərənlərin adı Toz-torpağa yazılacaq, Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər». |
14. | Ya Rəbb, mənə şəfa versən, Mən sağalaram. Məni xilas etsən, Mən xilas olaram. Çünki həmd etdiyim Sənsən. |
15. | Bax onlar mənə «Rəbbin sözü hanı? Qoy yerinə yetsin!» deyir. |
16. | Mən Sənin xidmətində Çoban olmaqdan boyun qaçırmadım. Bəla gününün gəlməsini istəmədim. Sən bilirsən ki, Ağzımdan nə çıxdısa, Sənin gözünün önündədir. |
17. | Məni dəhşətə salma, Fəlakət günündə sığınacağım Sənsən. |
18. | Qoy məni təqib edənlər utansın, Mənsə utanmayım. Qoy onlar qorxuya düşsün, Mən isə qorxmayım. Qara günü onların başına gətir, Tamamilə qırılana qədər onları qır. |
19. | Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb |
20. | onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın. |
21. | Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin. |
22. | Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin. |
23. | Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”. |
24. | Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz, |
25. | o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq. |
26. | Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək. |
27. | Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”». |
← Jeremiah (17/52) → |