| ← Jeremiah (16/52) → |
| 1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
| 2. | «Özünə arvad alma, qoy bu yerdə oğulların və qızların olmasın. |
| 3. | Çünki bu yerdə doğulan oğullar və qızlar, onları doğan analar və onları törədən atalar üçün Rəbb belə deyir: |
| 4. | “Onlar ölümcül xəstəliklərdən öləcək. Onlar üçün yas tutulmayacaq, basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Qılınc və aclıqla qırılıb-qurtaracaqlar. Cəsədləri də göydəki quşlara və yerdəki heyvanlara yem olacaq”. |
| 5. | Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir. |
| 6. | “Bu ölkədə böyüklər də, kiçiklər də öləcək, qəbirə qoyulmayacaq, adamlar onlar üçün yas tutmayacaq, özlərini yaralayıb saçlarını qırxmayacaq. |
| 7. | Ölüdən ötrü yas tutana təsəlli vermək üçün kimsə onunla çörək kəsməyəcək, ata-anaları üçün onlara təsəlli kasasını içirməyəcək. |
| 8. | Sən onlarla oturaraq yeyib-içmək üçün ziyafət məclislərinə də girmə”. |
| 9. | Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”. |
| 10. | Bütün bu sözləri xalqa bildirəndə onlar sənə belə deyəcək: “Nə üçün Rəbb başımıza bu qədər böyük bəla gətirəcəyini söylədi? Təqsirimiz nədir? Allahımız Rəbbə qarşı nə günah etmişik?” |
| 11. | Sən onlara söylə ki: “Sizin atalarınız Məni tərk etdi” Rəbb belə bəyan edir. “Başqa allahların tərəfdarı oldular, onlara qulluq və səcdə etdilər, Məni tərk edib qanunuma əməl etmədilər. |
| 12. | Siz atalarınızdan da artıq pislik etdiniz, özünüz də Mənə qulaq asmayaraq qara ürəklərinizin inadı ilə hərəkət etdiniz. |
| 13. | Buna görə də sizi bu ölkədən atalarınızın və özünüzün tanımadığı bir ölkəyə atacağam. Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz, çünki sizə mərhəmət etməyəcəyəm”». |
| 14. | Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcəklər, |
| 15. | amma “İsrail övladlarını şimal ölkəsindən və qovduğu başqa ölkələrdən çıxaran Rəbbin varlığına and olsun” deyəcəklər. Çünki onları atalarına verdiyim torpağa qaytaracağam». |
| 16. | Rəbb bəyan edir: «Mən çoxlu balıqçı göndərəcəyəm, onları tutacaqlar. Ondan sonra Mən çoxlu ovçu göndərəcəyəm, hər dağ və təpə üzərindən, qaya oyuqlarından onları ovlayacaqlar. |
| 17. | Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz. |
| 18. | İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular». |
| 19. | Ya Rəbb, qüvvətim və qalam, Sıxıntı günündə sığınacağım! Millətlər yer üzünün qurtaracağınadək hər yerdən Sənin yanına gəlib deyəcək: «Atalarımız saxta və puç bütlərə – Heç bir fayda görmədikləri şeylərə varis oldu. |
| 20. | Adam da özünə bütlər düzəldər? Axı onlar allah deyil. |
| 21. | Buna görə də onlara göstərəcəyəm, Əlimi və qüdrətimi nümayiş etdirəcəyəm. Onda biləcəklər ki, adım Rəbdir. |
| ← Jeremiah (16/52) → |