| ← Jeremiah (14/52) → |
| 1. | Bu, quraqlıq haqqında Yeremyaya nazil olan Rəbbin sözüdür. |
| 2. | «Yəhuda yas tutur, Onun şəhər darvazaları qəmli görünür. Adamlar qara geyinmişlər, Yerusəlimin fəryadı ucalmışdır. |
| 3. | Əyanlar nökərlərini su dalınca göndərir, Onlar isə quyu yanına gəlib Su tapmır, Boş qablarla geri dönürlər, Utanıb xəcalət çəkərək Başlarını örtürlər. |
| 4. | Ölkədə yağış olmadığı üçün Torpaq cadar-cadar oldu. Əkinçilər utanır, Başlarını örtür. |
| 5. | Hətta çöldəki maral da Balasını doğub tərk edir, Çünki ot yoxdur. |
| 6. | Vəhşi eşşəklər çılpaq təpələrdə durub, Çaqqal kimi tez-tez nəfəs alır. Onların gözləri korlaşır, Çünki otlaq yoxdur». |
| 7. | Ya Rəbb, hərçənd təqsirlərimiz Bizə qarşı şəhadət edir, Sən Öz adından ötrü səy göstər. Çünki dəfələrlə dönüklük etmiş, Sənə qarşı günah etmişik. |
| 8. | Ey İsrailin Ümidgahı, Məşəqqət zamanı Xilaskarı! Nə üçün Sən bu torpaqda bir qərib, Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən? |
| 9. | Nə üçün çaşmış adam, Qurtarmağa gücü çatmayan İgid kimi olmusan? Ancaq Sən aramızdasan, ya Rəbb. Biz Sənə məxsusuq, Bizi tərk etmə. |
| 10. | Rəbb bu xalq barədə belə deyir: «Onlar gəzib-dolaşmağı o qədər sevir ki, ayaq saxlamırlar. Buna görə də Rəbb onlardan razı deyil. İndi onların təqsirkarlığını yada salacaq, günahları üçün cəza verəcək». |
| 11. | Rəbb mənə dedi: «Sən bu xalqın uğur qazanması üçün dua etmə. |
| 12. | Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam». |
| 13. | Mən dedim: «Ah, Xudavənd Rəbb, peyğəmbərlər onlara belə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Ancaq Mən bu yerdə sizə həqiqi sülh verəcəyəm”». |
| 14. | Rəbb mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır. |
| 15. | Buna görə də Rəbb o peyğəmbərlər barədə belə deyir: “Onları göndərmədiyim halda Mənim adımla peyğəmbərlik edən, ‹bu torpaqda qılınc və aclıq olmayacaq› deyən bu peyğəmbərlər özləri qılınc və aclıqdan həlak olacaq. |
| 16. | Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”. |
| 17. | Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi. |
| 18. | Çölə çıxıram, Qılıncla öldürülənləri görürəm, Şəhərə girirəm, Aclıqdan üzülənləri görürəm. Çünki peyğəmbər də, kahin də Bixəbər olaraq ölkəni dolaşır”». |
| 19. | Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, Sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, Ancaq dəhşət gəlir. |
| 20. | Ya Rəbb, pisliyimizi, Atalarımızın təqsirkarlığını bilirik. Çünki Sənə qarşı günah etdik. |
| 21. | Öz adın naminə bizdən imtina etmə, Öz izzətli taxtını alçaltma. Bizimlə olan əhdini pozma, yada sal. |
| 22. | Millətlərin bütləri arasında Yağış yağdıra biləni varmı? Göylər leysan tökə bilərmi? Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız? Ümidimiz Sənədir. Çünki bütün bu şeyləri Sən etdin. |
| ← Jeremiah (14/52) → |