| ← Jeremiah (13/52) → |
| 1. | Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma». |
| 2. | Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım. |
| 3. | Mənə yenə Rəbbin sözü nazil oldu: |
| 4. | «Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət». |
| 5. | Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim. |
| 6. | Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür». |
| 7. | Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır. |
| 8. | O zaman mənə Rəbbin bu sözü nazil oldu: |
| 9. | «Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm. |
| 10. | Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”. |
| 11. | Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”. |
| 12. | Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?” |
| 13. | O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”. |
| 14. | Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”». |
| 15. | Eşidin və qulaq asın, Qürurlu olmayın, Çünki Rəbb belə söylədi. |
| 16. | O nə qədər ki qaranlıq çökdürməyib, Zülmət dağlarında ayaqlarınız büdrəməyib, Allahınız Rəbbi izzətləndirin. Siz işıq gözləyirsiniz, Amma Rəbb onu ölüm kölgəsinə çevirər, Dərin zülmətə döndərər. |
| 17. | Ancaq siz ona qulaq asmasanız, Gözlərim acı-acı yaş tökəcək, Göz yaşları sel kimi axacaq. Çünki Rəbbin sürüsünü Sürgün etdilər. |
| 18. | Padşaha və onun anasına söylə: «Taxtınızdan enin, Çünki şərəf tacınız başınızdan düşdü». |
| 19. | Negev şəhərlərinin darvazaları bağlandı, Açan yoxdur. Bütün Yəhuda sürgün edildi, Hamı sürgün edildi. |
| 20. | Başınızı qaldırıb Şimaldan gələnləri görün. Sənə verilən sürü, Sənin gözəl sürün haradadır? |
| 21. | Rəbb müttəfiq kimi hazırladığın adamları Sənə hakim qoyanda nə deyəcəksən? Məgər doğan qadının çəkdiyi sancı kimi Səni də ağrı tutmayacaqmı? |
| 22. | Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın. |
| 23. | Kuşlu öz dərisini, Bəbir öz xallarını dəyişdirə bilərmi? Pislik etməyə alışmış Siz də yaxşılıq edə bilməzsiniz. |
| 24. | «Bundan ötrü səni çöl küləyi ilə Sovrulan saman çöpü kimi səpələyəcəyəm. |
| 25. | Sənə düşən püşk, Mənim sənə ayırdığım pay budur» Rəbb belə bəyan edir. «Çünki Məni unutdun, Yalana güvəndin. |
| 26. | Bundan ötrü Mən də sənin ətəklərini Üzünə qaldıracağam ki, Ayıbın görünsün. |
| 27. | Çöldəki təpələr üzərində Gördüyün iyrənc işləri, Zinakarlığını, şəhvətlə kişnəməyini, Həyasız əxlaqsızlığını gördüm. Vay halına, ey Yerusəlim! Sən nə vaxta qədər Təmizlənə bilməyəcəksən?» |
| ← Jeremiah (13/52) → |