← Jeremiah (12/52) → |
1. | Əgər Səninlə mübahisə etsəm, Sən haqlı çıxarsan, ya Rəbb. Ancaq yenə də ədalət barədə Səninlə danışmaq istəyirəm. Nə üçün pis adamlar əməllərində Uğur qazanır, Bütün xainlər dinc yaşayır? |
2. | Onları Sən əkdin, kök saldılar, Qol-budaq atdılar, Bar verdilər. Sən onların dillərinə yaxınsan, Amma ürəklərindən uzaqsan. |
3. | Məni isə, ya Rəbb, Sən tanıyırsan, Görürsən və sınayırsan. Ürəyim Səninlədir. Onları qurbanlıq qoyun kimi ayır, Qırğın günü üçün hazırla. |
4. | Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir. |
5. | «Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa, Atlarla necə yarışa bilərsən? Əgər əmin-amanlıq olan torpaqda büdrəsən, İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən? |
6. | Hətta öz qardaşların – ata evin də Sənə xəyanət etdi, Onlar da sənin ardınca Ucadan bağırdı. Sənə yaxşı sözlər söyləsələr də, Onlara inanma. |
7. | Evimi tərk etdim, İrsimi əldən verdim, Sevgilimi düşmənlərə təslim etdim. |
8. | İrsim Mənim üçün Meşədəki aslan kimi oldu. Üstümə nərə çəkdi, Buna görə də ona nifrət etdim. |
9. | İrsim Mənim üçün Alabəzək yırtıcı quş oldumu? Hər tərəfdən yırtıcı quşlar Onun üstünə töküldü. Gedin bütün vəhşi heyvanları toplayın, Yeyib-qurtarmaq üçün onun üstünə gətirin. |
10. | Çoxlu çoban bağımı viran etdi, Tarlamı tapdalayıb əzdi, Gözəl zəmimi boş çölə çevirdi. |
11. | Onu xaraba qoydular, Xarabalıq içində önümdə ağlayır. Bütün ölkə viran oldu, Amma heç kəsin vecinə deyil. |
12. | Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi. Çünki ölkənin bir ucundan o biri ucuna qədər Rəbbin qılıncı qırıb-çatır. Heç kim salamat qalmır. |
13. | Onlar buğda əkdi, qanqal biçdi. Zəhmət çəkdilər, xeyir görmədilər. Rəbbin qızğın qəzəbindən ötrü Məhsullarınızdan utanacaqsınız». |
14. | Rəbb belə deyir: «Xalqım İsrailə irs olaraq verdiyim mülkə toxunan bütün bədxah qonşularıma gəlincə, Mən onları torpaqlarından çıxarıb atacağam, onların arasından Yəhuda nəslini də çıxarıb atacağam. |
15. | Amma onları çıxarıb atdıqdan sonra yenə hallarına acıyacağam. Hər kəsi öz mülkünə, öz torpağına qaytaracağam. |
16. | Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar. |
17. | Ancaq qulaq asmasalar, o zaman belə bir milləti mütləq kökündən çıxarıb yox edəcəyəm» Rəbb belə bəyan edir. |
← Jeremiah (12/52) → |