| ← Jeremiah (10/52) → | 
| 1. | Rəbbin sizə söylədiyi sözü eşidin, ey İsrail nəsli! | 
| 2. | Rəbb belə deyir: «Başqa millətlərin yolu ilə getməyin, Göy əlamətlərindən qorxmayın, Bunlardan başqa millətlər qorxur. | 
| 3. | Çünki xalqların adətləri boş şeydir. Meşədə ağac kəsirlər, Usta əli kəski ilə onu düzəldir. | 
| 4. | Sonra qızıl-gümüşlə bəzəyirlər, Çəkiclə, mıxla bərkidirlər ki, Yerindən tərpənməsin. | 
| 5. | Bütləri xiyar bostanındakı müqəvva kimi Danışa bilmir. Onları daşımaq lazımdır, Çünki gedə bilmirlər. Onlardan qorxmayın, Çünki nə pislik edə bilərlər, Nə də yaxşılıq». | 
| 6. | Sənin kimi Allah yoxdur, ya Rəbb. Sən böyüksən, əzəmətdə adın ucadır. | 
| 7. | Ey millətlərin Padşahı, Sənə kim hörmət etməz? Sənə hörmət yaraşır, Çünki millətlərin bütün müdrikləri arasında, Bütün ölkələrində Sənin kimisi yoxdur. | 
| 8. | Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır! | 
| 9. | Tarşişdən döyülmüş gümüş, Ufazdan qızıl gətirilir. Ustanın və zərgərin əli ilə düzəldilən bütə Bənövşəyi və tunc qırmızı paltar geyindirilir. Hamısı bacarıqlı toxucu işidir. | 
| 10. | Ancaq Rəbb həqiqi Allahdır. Var olan Allahdır, Əbədi Padşah Odur. Qəzəbindən dünya titrəyər, Hiddətinin qarşısında Millətlər dura bilməz. | 
| 11. | Allah mənə dedi ki, onlara belə söylə: «Yeri və göyü yaratmayan allahlar yer üzündən və göyün altından yox olacaq». | 
| 12. | Rəbb qüdrəti ilə yer üzünü yaratdı, Hikməti ilə dünyanı qurdu, Dərrakəsi ilə göyləri yaydı. | 
| 13. | O gurlayanda göylərdəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir, Yağış üçün şimşək çaxdırır, Anbarlarından külək çıxarır. | 
| 14. | Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur. | 
| 15. | Onlar boş şey, Masqaraçıların işidir. Cəza vaxtı məhv olacaqlar. | 
| 16. | Yaquba Nəsib Olan isə onlara bənzəməz, Çünki hər şeyi yaradan Odur. İsrail Onun irs qəbiləsidir, Onun adı Ordular Rəbbidir. | 
| 17. | Ey sən mühasirəyə alınan şəhərdə yaşayan, Şələ-küləni yerdən yığışdır. | 
| 18. | Çünki Rəbb belə deyir: «Mən bu dəfə ölkənin sakinlərini Sapandla kənara atacağam. Onları dara salacağam ki, Düşmən əlinə keçsinlər». | 
| 19. | Əzabıma görə vay halıma! Yaram sağalmaz. Ancaq mən dedim: «Həqiqətən, bu mənim dərdimdir, Mən də ona dözməliyəm. | 
| 20. | Çadırım yıxıldı, Bütün iplərim qopdu. Uşaqlarım məni tərk etdi, Onlar artıq yoxdur. Çadırımı quran, pərdələrimi asan qalmadı. | 
| 21. | Çünki xalqın çobanları ağılsız oldu, Rəbdən soruşmadılar. Buna görə də uğur qazanmadılar, Bütün sürüləri dağıldı. | 
| 22. | Dinləyin, bir xəbər yayılır: Şimal ölkəsindən böyük gurultu gəlir ki, Yəhuda şəhərlərini xarabalığa, Çaqqal yuvasına çevirsin. | 
| 23. | Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil. | 
| 24. | Mənə cəza ver, ya Rəbb, Ancaq qəzəbinlə yox, ədalətinlə. Yoxsa məni heçə çıxardarsan. | 
| 25. | Qəzəbini Səni tanımayan millətlərin, Adını çağırmayan tayfaların üzərinə tök. Çünki onlar Yaqub nəslini yedi, Onu yeyib-qurtardı, Yurdunu viran etdi». | 
| ← Jeremiah (10/52) → |