Jeremiah (1/52) → |
1. | Bunlar Binyamin torpağındakı Anatotda yaşayan kahinlərdən biri olan Xilqiya oğlu Yeremyanın sözləridir. |
2. | Yəhuda padşahı Amon oğlu Yoşiyanın dövründə – padşahlığının on üçüncü ilində Yeremyaya Rəbbin sözü nazil oldu. |
3. | Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi. |
4. | Mənə Rəbbin bu sözü nazil oldu: |
5. | «Mən sənə ananın bətnində Surət verməzdən əvvəl səni tanıdım, Doğulmazdan əvvəl səni təqdis edib Millətlərə peyğəmbər etdim». |
6. | Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam». |
7. | Rəbb mənə dedi: «Sən “cavanam” demə. Mən səni kimin yanına göndərsəm, gedəcəksən, sənə nə əmr etsəm, onu söyləyəcəksən. |
8. | Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir. |
9. | Rəbb əlini uzadıb ağzıma toxundu və mənə dedi: «Bax sözlərimi sənin dilinə qoydum. |
10. | Bu gün səni millətlər və ölkələr üzərinə təyin etdim ki, onları kökündən yıxıb dağıdasan, qırıb məhv edəsən, əkib tikəsən». |
11. | Mənə Rəbbin bu sözü nazil oldu: «Ey Yeremya, nə görürsən?» Mən dedim: «Badam ağacının bir budağını görürəm». |
12. | Rəbb mənə dedi: «Düz görmüsən. Axı Mən hər sözümü yerinə yetirməkdə sayığam». |
13. | Mənə yenə Rəbbin bu sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Şimaldan bu tərəfə yönəlmiş qaynar bir qazan görürəm». |
14. | Rəbb mənə dedi: «Bu ölkədə yaşayanların hamısının üzərinə Şimaldan bəla yağacaq. |
15. | Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam» Rəbb belə bəyan edir. «Hər biri gəlib öz taxtını Yerusəlim darvazalarının girişində, Onun bütün darvazalarının ətrafında Və bütün Yəhuda şəhərlərində quracaq. |
16. | Bütün pisliklərinə görə Onların əleyhinə hökmlərimi bildirəcəyəm. Çünki Məndən üz döndərib başqa allahlara buxur yandıraraq Öz əl işlərinə səcdə etdilər. |
17. | Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa Mən də səni onların önündə qorxuya salacağam. |
18. | Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. |
19. | Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir. |
Jeremiah (1/52) → |