← James (3/5) → |
1. | Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın. |
2. | Çünki hamımız çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır. |
3. | Bizə itaət etsinlər deyə atların ağzına yüyən taxırıq, beləcə bütün bədənlərini döndəririk. |
4. | Bax gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür. |
5. | Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır! |
6. | Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. |
7. | Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir. |
8. | Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur. |
9. | Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik. |
10. | Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır. |
11. | Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı? |
12. | Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su gələ bilməz. |
13. | Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin. |
14. | Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin. |
15. | Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir. |
16. | Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır. |
17. | Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır. |
18. | Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir. |
← James (3/5) → |