| James (1/5) → | 
| 1. | Allahın və Rəbb İsa Məsihin qulu mən Yaqubdan millətlər arasına səpələnmiş on iki qəbiləyə salam! | 
| 2. | Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. | 
| 3. | Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. | 
| 4. | Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın. | 
| 5. | Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək. | 
| 6. | Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir. | 
| 7. | Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq. | 
| 8. | O qərarsızdır, heç bir yolunda sabit deyil. | 
| 9. | Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin, | 
| 10. | varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək. | 
| 11. | Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq. | 
| 12. | Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq. | 
| 13. | Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir. | 
| 14. | Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir. | 
| 15. | Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm törədir. | 
| 16. | Ey sevimli qardaşlarım, aldanmayın: | 
| 17. | hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir. | 
| 18. | O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq. | 
| 19. | Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun. | 
| 20. | Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir. | 
| 21. | Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin. | 
| 22. | Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. | 
| 23. | Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir: | 
| 24. | O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur. | 
| 25. | Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır! | 
| 26. | Əgər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur. | 
| 27. | Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq. | 
| James (1/5) → |