| ← Isaiah (8/66) → |
| 1. | Rəbb mənə belə dedi: «Böyük tumar götür və üstündə aydın hərflərlə Maher-Şalal-Xaş-Baz yaz. |
| 2. | Kahin Uriya ilə Yeverekya oğlu Zəkəriyyəni özümə etibarlı şahid seçdim». |
| 3. | Sonra mən peyğəmbər olan arvadımla yaxınlıq etdim və o hamilə olub bir oğlan doğdu. Rəbb mənə dedi: «Onun adını Maher-Şalal-Xaş-Baz qoy. |
| 4. | Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq». |
| 5. | Rəbb mənimlə yenə danışıb belə dedi: |
| 6. | «Bu xalq sakit axan Şiloah sularını rədd edib Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə |
| 7. | Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını – Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm. Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq. |
| 8. | Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək, Boğaza qədər çatacaq. Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!» |
| 9. | Ey xalqlar, pis işlər görün və qırılın! Ey yer üzünün bütün uzaq ölkələri, eşidin! Döyüşə hazırlaşın və qırılın! Bəli, döyüşə hazırlaşın və qırılın! |
| 10. | Birlikdə məsləhətləşin, o boşa çıxacaq. İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq, Çünki Allah bizimlədir. |
| 11. | Rəbb bu xalqın tutduğu yol ilə getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq etdi: |
| 12. | «Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin, Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin. |
| 13. | Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin! |
| 14. | O, Müqəddəs məkan olacaq, Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası, Yerusəlim sakinlərinə tələ və tor olacaq. |
| 15. | Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq, Tələyə düşüb əsir aparılacaq». |
| 16. | Ya Rəbb, şagirdlərimin arasında Şəhadətini qoruyub saxla, təlimini möhürlə! |
| 17. | Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm, Ona ümid edəcəyəm. |
| 18. | Mən və Rəbbin mənə verdiyi övladlar Sion dağında məskunlaşan Ordular Rəbbinin İsraildəki rəmzləri və nişanələriyik. |
| 19. | Sizə bəzi adamlar deyəndə ki, «pıçıldayıb-mırtıldayan cindarlarla, ruhçağıranlarla danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı? |
| 20. | Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq. |
| 21. | Onlar çarəsiz və ac qalaraq oradan keçəcəklər. Ac qalanda qəzəblənəcəklər, padşahlarını və özlərinin Allahını lənətləyəcəklər. |
| 22. | Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar». |
| ← Isaiah (8/66) → |